Bağçalarda monitorinq! -  “...Məsuliyyət hissini artıracaq”

Elm və Təhsil Nazirliyi dövlət məktəbəqədər təhsil müəssisələrində monitorinqləri mütəmadi olaraq davam etdirir. Məktəbəqədər təhsil müəssisəsinin müdiri işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunub. Bununla yanaşı, 29 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri barəsində müvafiq intizam tənbeh tədbirləri görülüb. Eyni zamanda 1 məktəbəqədər təhsil müəssisəsində aparılan yoxlama zamanı toplanmış sənədlər hüquq mühafizə orqanlarına göndərilib.

Təhsil eksperti Nadir İsrafilov "Sherg.az"a bildirib ki, monitorinqlərin keçirilməsi uşaq bağçalarında məhsuliyyət hissini artıracaq:

"Uşaq bağçaları əvvəllər İcra Hakimiyyətinin tabeliyində idi. Bu da təhsildə ardıcıllığın pozulmasına gətirib çıxarırdı. Nəzərə çarpacaq dərəcə inkişaf  olmadı. Uşaq bağçaları özəlləşdirilirdi. Keçmiş rəhbərliyin nəzarəti kifayət qədər deyildi. Uşaq bağçaları öz təyinatı əsasında işləmədi. Əksəriyyəti söküldü, əvəzində başqa məkanlar yaradıldı. 

Strategiyada bu məsələ xüsusilə əksinə tapıb. Uşaq bağçalarının əhatəlilik dərəcəsi 22-23 faiz təşkil edir. Özəl bağçalarda qiymətlər yüksəkdir. Ona görə müəyyən işlərin görülməsi zəruri idi. Bağçaların yenidən Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. 

Ötən dəfə də belə monitorinqlərin davam edəcəyi bildirilib. Təhsilin idarəsi baxımından 4 əsas prinsip var: planlaşdırma, təşkiletmə, rəhbərlik və nəzarət. Nəzarət mütləq olmalıdır. Bir müddət nəzarəti boş buraxdıq, xoşagəlməz hallarla rastlaşdıq.

Vəzifəsindən çıxarılanların əvəzinə təyin olunan yeni kadrların səviyyəsi sual altındadır. Müsabiqə baş tutur. Seçimdə layiqli kadrlar boşluğu dolduracaqsa, nəyəsə nail olmaq mümkündür".