Zəfər yürüşü...

Xalqımız ən çətin, ağır günlərdə birləşərək həmrəy olmağı bacardı

"44 günlük müharibədə hər birimiz təkcə burada – Azərbaycanda deyil, dünyada yaşayan azərbaycanlıların Vətənlə yanaşı olduğuna şahidlik etdik"

Azərbaycançılıq ideyasının təbliği

  Bu gün Azərbaycanımızın başını uca tutduğu gündür. Matəm günü deyil, Şərəfli Anım günüdür. 2020-ci il sentyabrın 27-si Azərbaycan Ordusunun 30 ilə yaxın işğal altında saxlanan doğma torpaqlara zəfər yürüşü başladı. Şanlı ordumuz Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdi və Böyük Qələbə ilə nəticələnən Vətən müharibəsinin şərəfli tarixini yazdı. Vətən müharibəsində, əlbəttə, şəhidlər verdik, qazilər ordusu yarandı. Lakin xalqın qüruru özünə qayıtdı. İnamı möhkəmləndi. 

44 günlük Vətən müharibəsi xalqımızın Azərbaycan adı ətrafında, azərbaycançılıq ideyasına söykəndiyinin əyani təsdiqi oldu. Həqiqətən də Vətən müharibəsində hər bir azərbaycanlı dünyaya Vətəni sevmək örnəyi göstərdi. Əsgər döyüşdə, səngərdə, komandirlər döyüşə ilk atılmaqla, 1991-94-cü illərdə Vətən uğrunda - Qarabağ uğrunda döyüşüb yara alanlar yaralı canları ilə, sıravi vətəndaşlar ön cəbhəyə göndərdikləri sovqatlarla, ağsaqqal təqaüdçülər təqaüdlərinin son qəpiyədək əsgərlərə ərməğan etməklə. Hamı, bütün xalq bir yumruq kimi birləşdi. Və cənab Prezidentin dediyi kimi dəmir yumruq düşmənin başını birdəfəlik əzdi.        
  Bu gün - sentyabrın 27-si Azərbaycan xalqı məhz o şərəfli tarixin 2-ci ildönümünü yad edir. Bu gün təkcə şəhidlər deyil, Vətən müharibəsinə lap kiçicik də olsa, nəyləsə yardım etmiş, heç nə etməsə belə, dilindəki dualarla əsgərlərimizə dəstək olan sadə insanların da anım günü – bayramıdır. 

  Bu gün 27 sentyabrın Anım Günü kimi qeyd edilməsiylə bağlı cənab Prezidentin məlum sərəncamını xatırlatmaq yerinə düşür.  Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2020-ci il tarixli Sərəncamında qeyd edilir: 

“Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törədib. Həmvətənlərimizin bir çoxu şəhid olub, itkin düşüb, yaralanaraq sağlamlığını itirib. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırıb, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qərara alıram:

1. Hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

  Anım gününə hazırlıqlara bütün ölkə dünəndən etibarən başladı. Paytaxtda bu hazırlıqları aydın görünürdü.  Yaşayış binaları və dövlət qurumlarının yerləşdiyi inzibati binalara dövlət bayraqları asıldı. Sıravi vətəndaşlar da bütün əlamətdar günlərdə olduğu kimi yenə də evlərin pəncərələrində, eyvanlarda üçrəngli, ay-ulduzlu bayrağımızı dalğalandırırlar. Küçələr, prospektlər bayraqlarla bəzənib. Reklam lövhələrində şanlı qələbəmiz əks olunur. Bakı şəhid ruhlarını qarşılamağa hazırdır.  Bu gün təhsil müəssisələrində də 27 sentyabr - Anım Günü ilə bağlı tədbirlər təşkil ediləcək, bu günə həsr olunan dərslər keçiriləcək. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Qeyd olunub ki, təhsil müəssisələrində Anım Günü ilə bağlı konfrans, seminar, mühazirə, “dəyirmi masa”, vebinar, açıq dərslər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri, yaradıcılıq müsabiqələri və intellektual oyunların keçirilməsi planlaşdırılır: "Eləcə də məktəblilər arasında idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulur".
  27 sentyabr - Anım Gününün əhəmiyyəti barədə danışan millət vəkili Kəmaləddin Qafarov qeyd etdi ki, bu tarixi gün Azərbaycan xalqının, Azərbaycan Ordusunun Zəfər yürüşünə başlaması ilə əlamətdardır: 
- 44 gün davan edən bu yürüşün sonunda Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, erməni faşizminin başını əzdi. Bu müqəddəs yolda biz də ağır itkilər verdik. Şəhidlərimiz, qazilərimiz oldu. Möhtəşəm tarixi Qələbəmiz məhz bu igid Vətən övladlarının canı, qanı bahasına əldə edildi. Lakin unutmaq olmaz ki, torpaq yalnız uğrunda ölən varsa Vətəndir! İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Məhz bu Qələbə sayəsində bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib ölkə kimi əbədi yaşayacaq. Azərbaycan Ordusu şəhidlərimizin qisasını döyüş meydanında aldı. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bu Vətən uğrunda canlarından keçmiş igidlərimizi heç zaman unutmayacağıq. 
  Millət vəkili qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə edilən qələbəyə yalnız Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi kimi baxmaq yanlışdır. Bu tarixi qələbə və bərpa edilən tarixi ədalət ümumən regionda və hətta dünyada yeni reallıqlar yaratdı. Artıq bütün dünya Azərbaycanın Qələbəsi ilə razılaşıb və bu faktı qəbul edib. Dünya dövlətləri Azərbaycanı qalib ölkə kimi tanıyır və bizimlə hesablaşırlar.  Dövlətimiz üçün çox riskli bir məqamda Prezident İlham Əliyev öz siyasi iradəsini ortaya qoymaqdan çəkinmədi və birmənalı olaraq bəyan etdi ki, bəli, xalq müharibəyə hazırlaşır, dövlət müharibəyə hazırlaşır. Əgər məsələ həll olunmasa, müharibə yolu ilə bu həll ediləcək! Bunu söyləyərkən cənab Prezident xalqımızın sarsılmaz iradəsinə, ordumuzun şücaətinə bələd idi, bilirdi və inanırdı ki, xalqımız ən çətin, ağır günlərdə birləşərək həmrəy olmağı bacarır. Azərbaycan xalqını birləşdirən dəyər ümummilli lider Heydər Əliyevin təyin etdiyi azərbaycançılıq ideyası idi. Və 44 günlük müharibədə hər birimiz təkcə burada – Azərbaycanda deyil, dünyada yaşayan azərbaycanlıların Vətənlə yanaşı olduğuna şahidlik etdik. Bu ideya ətrafında birləşməyin nəticəsidir ki, bu gün xalqımız alın açıqlığı ilə Anım Gününü qeyd edir, 8 noyabrda isə möhtəşəm Zəfər Gününü yenə qeyd edəcək.