“Qardaş ailə”si ağrılarımıza məlhəmdir

Şəhid balaları iki dövlətin onlara arxa durduğunu əyani görürlər

“Şəhid ailələrinin Türkiyənin müxtəlif şəhərləri ilə tanış olması, tarixi yerləri ziyarət etməsi onlara mənəvi güc, ruh yüksəkliyi verir”

  Vətən müharibəsində şəhid olmuş mayor, hərbi pilot Qasımov Abbas Rza oğlunun ailəsi də “Qardaş ailə” layihəsi çərçivəsində Türkiyəyə yola salınıb. Trend-in məlumatına görə, layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu ilə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) tərəfindən birgə icra olunur. Türkiyənin ölkəmizdəki səfirliyində ailənin yolasalma mərasimi olub. 

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Fondun sədr müavini Səfər Mehdiyev, TUİB-in İdarə Heyətinin sədri Hüseyin Büyükfırat, Azərbaycan və Türkiyədən olan millət vəkilləri iştirak ediblər. Qeyd olunub ki, layihə çərçivəsində şəhidin ailə üzvləri Türkiyənin Urfa şəhərində olacaq, Urfa və ətraf şəhərləri gəzib həmin bölgənin görməli yerləri, tarixi abidələri ilə tanış olacaqlar. Səfər çərçivəsində Türkiyədə Qasımovlar ailəsi ilə bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub.

  Qeyd edək ki, bundan əvvəl layihə çərçivəsində Vətən müharibəsi şəhidi, mayor İlkin Əhədzadənin ailə üzvləri ötən ay Türkiyədə səfərdə olub, Türkiyənin Sivas Cümhuriyyət Universitetinin rektoru Alim Yıldızın dəvəti ilə baş tutan səfər çərçivəsində şəhidin ailə üzvləri 4 gün ərzində Sivas və ətraf şəhərlərin görməli yerləri, tarixi abidələri ilə tanış olmuşdular. 
  “Qardaş ailə” layihəsi ad baxımından “qardaşlaşmış şəhərlər”i xatırladır. Bakının belə qardaş şəhərləri çoxdur. O cümlədən Türkiyənin İstanbul, İzmir, Konya, Ordu şəhərləri də bu sıyahıya daxildir. “Qardaş ailə” isə daha çox mənəvi bağlar - ruhi bağlılıq yaradır. 

  “Qardaş ailə” layihəsinin önəmindən danışan Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov qeyd etdi ki, “Qardaş ailə”, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan “bir millət iki dövlət” ideologiyasının daha da möhkəmlənməsinə xidmət edən layihədir: 

- Müxtəlif qurumlar tərəfindən həyata keçirilən hər layihənin bəlli hədəfləri olur. Layihədən layihəyə hədəflər dəyişir. Bir layihə çərçivəsində şəhid övladlarını, şəhidin ailə üzvlərini döyüş əməliyyatlarının aparıldığı, şəhid ata, şəhid oğul harada döyüşüb, harada şəhid olubsa həmin bölgəyə aparırlar. Bu, şəhid övladlarında torpağa, Vətənə sədaqət, dövlətə bağlılıq, milli-vətənpərvərlik hisslərinin möhkəmlənməsinə xidmət edir. Şəhid ailələrinin, şəhid övladlarının qardaş Türkiyənin müxtəlif şəhərlərinə səfərə aparılması, yerli bələdiyyələrin onlarla xüsusi ilgilənməsi, bölgənin, şəhərin tarixini yerlərini gəzmələri də dövlət ideologiyasının əsasını təşkil edir. Türkiyə bizə doğma, qardaş ölkədir, hər zaman, istənilən siyasi şəraitdə Azərbaycanın yanındadır. Və bu doğmalıq, qardaşlıq 44 günlük Vətən müharibəsinin gedişində necə özünü göstərdisə, müharibədən sonrakı dövrdə də eyniylə göstərdi və bu gün də qardaş ölkənin hər cür dəstəyini görürük. İstər qazilərimizin əməliyyat olunmalarında, istər müalicələrində, istərsə də şəhid və qazi ailələrinə dəstəkdə. “Qardaş ailə” layihəsi isə şəhid ailələrinə məhz mənəvi dəstəkdir. Bu, şəhid ailəsinə dövlətin hər zaman onların yanında olduğunun isbatıdır. Bu gün şəhid ailələrinə hər cür maddi dəstək verilir. Şəhid ailələri ölkə daxilində dövlət qayğısını hiss edir.

 Amma dövlət dəstəyi  mütləq deyil ki, maddi formada olsun. Mənəvi dəstək də önəmlidir. Mənəvi dəstək maddidən də zəruridir. Və bu müqəddəs işdə qardaş Türkiyə yenə Azərbaycanın yanındadır. Xatırladım ki, qardaş Türkiyə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın şəhid övladlarının Türkiyədə ödənişsiz təhsil alacağını elan etdi. Təsəvvür edin ki, bu qardaş dəstəyi şəhid ailələri üçün nə dərəcədə sevindiricidir və qardaş ölkənin Azərbaycana daha bir dəstəyinin göstəricisi idi. 
  A.Allahverənov bildirdi ki, “Qardaş ailə” layihəsinin hədəflərindən biri də mədəniyyətlərarası əlaqələri inkişaf etdirməkdir:

- Şəhid ailələrinin Türkiyənin müxtəlif şəhərləri ilə tanış olması, tarixi yerləri ziyarət etməsi, Türkiyədəki şəhid ailələri, qazi ailələri ilə, rəsmi şəxslərlə görüşmələri onlara mənəvi güc, ruh yüksəkliyi verir. Şəhid övladları səyahət etdikləri şəhərlərin tarixi ilə, qədim türk mədəniyyəti ilə tanış olurlar və böyük türk millətinin bir parçası olduqlarını hiss edirlər. Bu, şəhid balaları, onların ailələri üçün mənəvi qidadır. Bu cür layihələr eyni zamanda şəhid ailələrin psixoloji gərginlikdən çıxmasına da kömək edir. Şəhid ailələri 2 dövlətin onlara arxa durduğunu əyani görürlər. Bu, əlbəttə, şəhid ailələrinin toparlanmasına böyük dəstəkdir. Hesab edirəm ki, bu səpkili layihələr uzun müddətli olmalı, bəlli hədəflərə yönlənməlidir. Və “Bir millət iki dövlət” ideologiyasının gənclərimizin, ailələrimizin düşüncələrində daha möhkəm oturuşmasına xidmət etməlidir.