“Düşmənin hansı məqsədlə və kimin göstərişi ilə Azərbaycan ordusunun mövqelərinə atəş açması bizi maraqlandırmır”
“Hesab edirəm ki, ordumuzun şəxsi heyəti zərurət yarandığı halda düşmənin mövqelərini darmadağın edəcək”
Oktyabrın 20-si saat 16:30-dan saat 17:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozublar. Basarkeçər rayonunun Günəşli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Məsələyə münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev “Sherg.az”a bildirib ki, Ermənistan tərəfinin son aylarda atəşkəsi pozması, Azərbaycanı sentyabr ayında nümayiş etdirdiyi ustad dərslərini yenidən nümayiş etməyə sövq edir:
"Vətən müharibəsində və ondan sonrakı dövrdə baş verən bütün təxribatlar zamanı kifayət qədər ciddi insan və teknika itkisinə məruz qalan Ermənistanın növbəti dəfə mövqelərimizi atəşə tutması, sərhədlərə qoşun cəmləməsi sağlam məntiqə sığmır.
Rəsmi İrəvanın bu fəaliyyətləri, Avropa İttifaqının missiyasına münaqişənin başa çatmadığı barədə müəyyən mesajlar vermək məqsədi daşıyır.
Əzilmiş Ermənistanın belə bir zəif potensial ilə, Azərbaycana qarşı təxribatlar həyata keçirməsi,onların ərazi iddialarının və revanş niyyətlərinin yenidən alovlandığını göstərir.
Lakin Ermənistanın hansı məqsədlə və kimin göstərişi ilə Azərbaycan ordusunun mövqelərinə atəş açması bizi maraqlandırmır.
Hesab edirəm ki, ordumuzun şəxsi heyəti zərurət yarandığı halda düşmənin mövqelərini darmadağın edəcək və həmin ərazilərdə Azərbaycan bayrağını dalğalandıracaq".