“İndiki dönəmdə də düşmənlərimizin Azərbaycan-Gürcüstan koridoru əvəzinə İran üzərindən, İran Ermənistan, Gürcüstan və Qara dəniz koridoru inşa etməyə çalışmalarını nəzərə almalıyıq”
“Belə siyasi məsələlərin müzakirə olunduğu bir vaxtda Azərbaycan- Gürcüstanla birlikdə öz marşrut xətlərini inkişaf etdirməyə və İranla, Ermənistanın buna alternativ yaratmamasına çalışacaqdır”
Oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında (Château Mukhrani) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü keçirilib.
Görüşdən sonra Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
Çıxış zamanı dövlət başçısı deyib ki, Mən Gürcustanda özümü evimdəki kimi hiss edirəm:
“Mən yenidən Gürcüstanda olmağımdan çox məmnunam. Cənab Baş nazirlə bizim görüşlərimiz tez-tez keçirilir. Təkcə keçən il hörmətli cənab Qaribaşvili iki dəfə Azərbaycanda səfərdə olub. Eyni zamanda beynəlxalq təşkilatların keçirildiyi tədbirlər çərçivəsində də biz daim görüşürük”.
Bundan başqa, Azərbaycan lideri qeyd edib:
“Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə yüksəlib. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik”.
Dövlətimizin başçısı beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Gürcüstanın bir-birini daim dəstəklədiyini qeyd edərək diqqətə çatdırıb ki, eyni zamanda, ikitərəfli formatda həyata keçirilən bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütün Avropa üçün xüsusi əhəmiyyət daşıyır.
Görüşün kodlarını “Sherg.az”a açan siyasi şərhçi Turab Rzayev bildirib ki, ölkə başçısının Gürcustan səfəri indiki həssas məqamda çox əhəmiyyətlidir:
“Artıq həm bölgədə, həm də dünyada qlobal kataklizmlər müşahidə olunur. Demək olar ki, dünyanın çox az stabil ərazisi qalıb. Bundan sonra dünyanı getdikcə daha böyük toqquşmalar, xaos və qruplaşmalar gözləyir. Belə məqamda isə Azərbaycan-Gürcüstan münasibətləri xüsusi önəm qazanır.
Çünki Gürcüstan Azərbaycanın müəyyən mənada iqtisadi əlavəsidir. Ona görə də Azərbaycan iqtisadiyyatının möhkəm olması Gürcüstanı, digər regional oyunçuların təzyiqi altından xilas edir. Digər tərəfdən isə Gürcüstan Azərbaycanın Qərbə çıxış qapısıdır. Bizim bütün strateji layihələrimiz Gürcüstan üzərindən Qərbə bağlanır. Həmçinin biz hər iki ölkənin 44 günlük Vətən müharibəsində qarşılıqlı yardımlaşma içərisində olduğunu unutmamalıyıq.
Gürcustan ciddi şəkildə Rusiyadan keçən silahların və Ermənistana hərbi yardımın qarşısını aldı. Xüsusən də Azərbaycanı üç qonşusuna- İran, Ermənistan və Rusiyaya qarşı eyni anda meydan oxuyaraq müdafiə etdi. Belə bir vəziyyətdə bizim Gürcüstanın səmimi qonşuluğuna, dostluğun və Azərbaycana yaxın olmasına ehtiyacımız var.
İndiki dönəmdə də düşmənlərimizin Azərbaycan-Gürcüstan koridoru əvəzinə İran üzərindən, İran Ermənistan, Gürcüstan və Qara dəniz koridoru inşa etməyə çalışmalarını nəzərə almalıyıq. Belə siyasi məsələlərin müzakirə olunduğu bir vaxtda Azərbaycan- Gürcüstanla birlikdə öz marşrut xətlərini inkişaf etdirməyə və İranla, Ermənistanın buna alternativ yaratmamasına çalışacaqdır”.