30 yaşında komaya düşdü 

Oyananda 9 yaşı “oldu”

  Avstraliyanın Sidney şəhərinin şimal sahilindəki Mosman qəsəbəsində böyümüş Anne Hovellin həyatı Jason Bournenin qəribə həyat hekayəsinin ekranlaşdırıldığı "The Bourne Identity" Hollivud filmini xatırladır. Gənc qadın həyatını "Unutduğum hər şey" adlı yeni kitabında anladıb. “Şərq” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Anne ailə həyatı qurduqdan qısa müddət sonra başındakı ağrılardan şikayət etməyə başlayıb. Qadına miqren diaqnozu qoyulub. Hamiləliyi dövründə də ağrılar onu tərk etməyib. Doğuşdan sadəcə 2 gün əvvəlsə Anne iflic keçirib. 

Həkimlər ona əməliyyat olunmazsa, uzaqbaşı, 5 il həyatda qala biləcəyini deyiblər. Anne əməliyyat olunmağa razılaşıb. Əlbəttə, başına nələr gələcəyini bilmədən. 12 saat sürən əməliyyat sonrası, nəhayət, oyandığında Anne gənclik həyatıyla bağlı heç nəyi – evlənməyini, hamilə olduğunu, həyatındakı insanların çoxunu xatırlamırdı artıq. 

O yalnız uşaqlıq illəriylə bağlı bəzi hadisələri və uşaq ikən Sidneyin Balmoral sahilində necə üzdüyünü xatırlayıb. Anne əməliyyat olunduğunda 30 yaşı vardı, oyandığında isə özünü 9 yaşlı qız kimi hiss etməyə başlayıb. Anne hətta bir qız övladı olduğunu da unudub. Komadan oyanan qadın hətta özünü də tanımayıb.

 Ona elə gəlirdi ki, böyük bir bədənin içində balaca 9 yaşlı qızcığaz yaşayır. Anasını gördükdə, kiçik uşaqlar kimi ona “anacan” deyə müraciət edib. Həyat yoldaşını ona təqdim etdikdə isə xeyli təəccüblənib, ardınca 11 aylıq körpəsi olduğu deyildikdə isə heyrətdən gözləri az qala həlqəsindən çıxacaqmış.

 “Daily Mail” ə danışan Anne “bu necə ola bilər? Mən 9, ya da 10 yaşındayam!” deyib. Dostları ona həyatı, evi, həyat yoldaşı, balaca qızı barədə danışanda da Anne uzun müddət onlara inanmayıb, onu aldatdıqlarını düşünüb. “Anlamadığım bir həyatın içindəydim və bu, çox qorxulu, ürküdücü idi” deyən Anne bir müddət ətrafdakılardan gizlənməyə çalışıb, qəribə davranışları həyat yoldaşı ilə arasında soyuqluq yaradıb. “Bu uşağı mən necə böyüdəcəyəm?” deyə özünə sual verirmiş. Anne toy şəkillərini axtarıb, onunla bir evdə yaşayan adamın həqiqətən onun həyat yoldaşı olub-olmadığına inanmaq istəyib. 

Toy şəkillərini tapmadıqda daha da şübhələnməyə başlayıb. Əməliyyat zamanı yaxalandığı miqren səbəbiylə 3 gün komada qalan və güclü yaddaş itkisiylə qarşılaşan Anne anasından aldığı cüzi bilgilər sayəsində keçmiş həyatını parça-parça quraşdırmağa başlayıb, nəhayət, qəribə həyat hekayəsini bir kitab vasitəsilə anlatmağa nail olub.