2020-ci ildə Qarabağ müharibəsindən indiyədək 262 nəfər mina qurbanı olub.
Bu barədə Xarici İşlər Nazirliyi “Twitter“ səhifəsində paylaşım edib.
Paylaşımda bildirilib ki, Ermənistan tərəfindən basdırılmış minanın daha bir fəsadı. Tərtər rayonunda minanın partlaması nəticəsində 26 yaşlı mülki şəxs yaralanıb. Təəssüf ki, onun hər iki ayağı amputasiya olunub. 2020-ci il müharibəsinin sonundan bəri mina qurbanlarının sayı 262 nəfərə çatıb. Ermənistanın cəzasızlığı yeni cinayətlərə yol açır:
Vəziyyəti “Sherg.az”a dəyərləndirən "Editor.az" saytınn baş redaktoru, jurnalist Fərid Şahbazlı vurğulayıb ki, Ermənistan həm torpaqlarımızın işğalı vaxtı, həm də işğaldan sonrakı böyük qələbə zamanında, Azərbaycana qarşı xeyli hərbi cinayətə yol verib:
“Onlar uzun müddətdir, mina xəritələrini bizə tam şəkildə təqdim etmirlər. Təqdim etdiyi bir neçə xəritənin isə əksəriyyəti həqiqətən uzaqdır. Bunun nəticəsində də 262 nəfər Azərbaycan vətəndaşı minaya düşüb. Onların arasında ölənlər də var, yaralananlar da. Bu istiqamətdə həm hüquqi, həm də ictimai-diplomatik zəmində ciddi fəaliyyət həyata keçirilməlidir. Ölkənin müvafiq dövlət orqanları bu yöndə iş aparır və aparmağa davam etməlidir. Beynəlxalq məhkəmələrə müraciət edilərək, Ermənistanın yol verdiyi müharibə cinayətlərinə qiymət verilməsi tələb olunmalıdır.
Eyni zamanda, Ermənistanın mülki şəxslərə qarşı həyata keçirdiyi bu terroru, dünya ictimaiyyətinə çatdırmaq çox vacibdir. Bu istiqamətdə xarici KİV-lər və beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edilməli və ermənilərin mənfur siyasəti ifşa olunmalıdır. Bu gün sülhdən və humanizmdən danışan bir ölkənin bilərəkdən, Azərbaycanın mülki əhalisini mina təhlükəsi ilə üz-üzə qoyması isə beynəlxalq hüququn normalarının pozulmasıdır. Biz bu məsələni tez-tez gündəmə gətirməli və Ermənistana təzyiq edilməsi üçün addımlar atmalıyıq".
F.Şahbazlı qeyd edib ki, vətəndaşlarımız arasında maarifləndirmənin aparılması çox vacibdir:
"Biz həmvətənlərimizin 30 illik həsrətdən sonra, öz dədə-baba yurdlarını görmək istəklərini yaxşı başa düşürük. Ancaq onlarda başa düşməlidirlər ki, minalı bölgələrə icazəsiz səfərlər, həyatları bahasına başa gələ bilər. Onlar heç o bölgələri görmədən həyatlarını itirə bilərlər. Bu istiqamətdə də media və ayrı-ayrı təşkilatlar tərəfindən geniş maarifləndirmə işləri aparılmalıdır. Hesab edirəm ki, bu addımların hər biri paralel şəkildə həyata keçirilməlidir".