“Ölkənin maraqlarına və qanunlarına zidd fəaliyyət göstərən hər kəsi neytrallaşdırmaq lazımdır"
Tezliklə Azərbaycanda İran agenturasına qarşı "təmizləmə" prosesinə başlanacaq.
Bu barədə Ölkə.az etibarlı mənbəyə istinadən məlumat verib.
mənbə bildirib ki, bununla bağlı hazırlıqlar çoxdan başlanmalı idi. Lakin onların ağıllarının başlarına gəlmələri gözlənilirdi. Görünür ki, bunu anlamadılar və bağışlanmayacaqlar.
Bu yöndə geniş əməliyyat tədbirlərinin həyata keçiriləcəyi qeyd edilir.
Məsələni “Sherg.az”a dəyərləndirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, bu gün bütün dünyada dövlətçilik təcrübəsi olan ölkələr, özlərinə təhdid gördüyü və maraqları toqquşduğu bütün qonşularına qarşı cəsusluq fəaliyyətində olur:
“Yəqin ki, İranın ölkəmizdə müəyyən adamları var. Amma Azərbaycanda olan İranpərəstlərin əksəriyyəti cəsusluq etmir. Sadəcə ideoloji yaxınlığa görə onları dəstəkləyir. Bu məsələ bir az problemli olacaq. Çünki cəsusları vətənə xəyanətlə ittiham edib neytrallaşdırmaq olar. Lakin açıq şəkildə dini əqidəsini ifadə edən və bununla da İrana yaxınlıq edən adamları, bu ad altında neytrallaşdırmaq olmaz. Mənə elə gəlir ki, hökumətimiz bu məsələdə çox gec tərpənib.
Vaxtilə mən bu təhlükə barəsində xəbərdarlıq edərək demişdim ki, Azərbaycanda dini siyasət düzgün qurulmur və bu sfera açıq şəkildə İranın əlində cəmləşib. Amma mənə ağlabatan bir cavab verə bilmədilər ki, nəyə görə belədir. Bu da aydındır ki, Azərbaycan keçmişdə Rusiya və İranın ortaq nəzarəti altında idi.
Rusiya hakimiyyətə, İran isə din xətti ilə insanlara nəzarət edirdi. Türkiyə bu bölgəyə ağırlığını qoyduqdan sonra, həm Rusiya, həm də İranın maraqları təhdid altına düşdü.
Ona görə də rəsmi Tehran və Moskva gizli agenturalar yaratmağa başladı. Düşünürəm ki, Azərbaycan dövləti bu işi təcili başlatmalıdır. Ölkənin maraqlarına və qanunlarına zidd fəaliyyət göstərən hər kəsi neytrallaşdırmaq kazımdır".