STM sədri faktlar sadalayır! - “Gəncə və Bərdədə dünyalarını dəyişənlərin hüquqları yox idimi?!”

2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulub.
Beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirilməsi nəticəsində aralarında uşaq və qadınlar da olmaqla, 5 dinc sakin həlak olub, 13 mülki şəxs yaralanıb.
Düşmənin raket atəşi nəticəsində bir neçə yaşayış evi tamamilə dağılıb, sakinlərə külli miqdarda ziyan dəyib.
Qeyd edək ki, Bərdə şəhəri və rayonun kəndləri 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb.

Bərdə rayonunda törədilən terrorlar nəticəsində 28 nəfər həlak olub, 108 nəfər yaralanıb. Evlərə, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Azərbaycanın son 2 ildə Ermənistanın ölkəmizə qarşı törətdiyi müharibə cinayətlərilə bağlı bir sıra tədbirlər həyata keçirdiyini deyən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri,  millət vəkili Zahid Oruc “Sherg.az”a bildirib ki, bunların arasında Bərdəyə hücumun beynəlxalq aləmə daşınması da var idi:

“Əgər bizim  səylərimiz olmasa, xarici tribunaların bu məsələyə öz təşəbbüsü ilə qiymət verməsi əsla gözlənilən deyil. Çünki beynəlxalq təşkilatlar konkret mərkəzlərdən siyası tapşırıq almadan belə məsələləri gündəmə gətirmir. Biz görürük ki, Ukraynadakı vəziyyətin qiymətləndirilmnəsi üçün ən azı 3-4 qrup yaradılıb. Bəs nə üçün bizim xalqımız üçün belə addımlar atılmayıb? Məgər Gəncəyə və Bərdəyə edilmiş terror cəhdləri nəticəsində yaralanan və dünyasını dəyişən insanların hüquqları yox idimi? Bu hücumlar savaşın miqyasını böyütməyə və əhaliyə zərbələr vuraraq, daxili parçalanma yaratmağa xidmət edirdi. Yəni insanlar desin ki, müharibəni dayandırın bizə hücum olunur.Onlar bu taktikadan həm 1-ci, həm də 2-ci Qarabağ savaşında istifadə ediblər. Gündüz vaxtı insanların toplaşdığı və heç bir hərbi obyektin olmadığı yola atəş açılması mülki əhalinin məhvini istəməkdən başqa bir şey ola bilməz”.

Parlamentari qeyd edib ki, azad olunmuş ərazilərdəki mənzərə bizim haqlı olduğumuzun ən böyük sübutudur:

“Ermənilər Kəlbəcərdən, Zəngilana qədər xalqımızın 1000 ilə yaratdıqlarını darmadağın edib. Biz heç bir beynəlxalq təşkilatda buna qiymət verildiyini görməmişik. Söhbət təkcə 65 məscidin və mədəniyyət abidələrinin dağıdılmasından getmir. 

Söhbət 1 milyondan çox insanın ata-baba yurdlarının və mənəvi irslərinin məhv edilməsindən gedir. Bu insanlar Ermənistanı məhkəməyə verərək təzminat tələb edə bilərlər. 

Amma həmin təşkilatlar buna da getməyəcək. Ona görə ki, Ermənistan kimi kasıb bir dövlətin təzminat ödəməsi onun çökməsinə səbəb ola bilər. Bu isə Ermənistanı bölgədəki xarici siyasət aləti kimi istifadə edən qüvvələrin strategiyasına uyğun deyil”

STM sədrinin sözlərinə  hər iki müharibənin cinayətlərinin qeydə alınması üçün üçün vahid komissiya yaradılmalıdır:
“ Bu hücum təkcə Bərdəyə yox, ümümi Azərbaycan xalqına qarşı olmuş cinayətdir. Bizim üçün bundan sonrakı dövrdə ən əsas strategiya sülh müqaviləsinin imzalanması və cinayətlərdə əli olan hər bir erməninin cəzalandırılması olmalıdır. 

Bu istiqamətdə müəyyən işlər görəcəyimiz təqdirdə, mütləq siyasi nəticələr qazanacağıq. Çünki savaşı səngərdə ordu, siyasi platformalarda isə informasiya generalları və siyasətçilər aparır. Müharibənin hərb meydanında bitsə də, siyasi sferada davam etdiyini unutmamalıyıq”.