"Başına dönüm, üzməyi öyrən" 

Nofəl Ağamalı əsl atasına layiq ömür yaşadı

  Ata ömründən cəmi 2 il çox yaşadı. Atası 47 yaşındaydı dünyadan köç edəndə. O isə 50 yaşında köçdü. Bütün ömrünü atası kimi yaşamağa, ona bənzəməyə, ata adını yüksəkdə tutmağa həsr etdi. Nofəl Ağamalıoğlu Əfəndinin həyatına nəzər saldıqda atası, Azərbaycan milli-azadlıq hərəkatının öncüllərindən, dissident jurnalist, ictimai siyasi xadim, şair, nasir Ağamalı Sadiq Əfəndiyə layiq ömür yaşadığı görünür. Atası dünyasını dəyişəndə Nofəlin 24 yaşı olub. Gənc bir insan hətta bu yaşda atasının razılığına, ata xeyir-duasına sahib olub. Ata oğlunun əsl vətəndaş, Vətən yolunda canını fəda etməyə hazır olduğunu görüb. Nofəl Qarabağ müharibəsi iştirakçısı, qazi idi. Atasının Azərbaycanın müstəqilliyi, dövlətçiliyin bərpası, demokratik mətbuatın yaranması uğrunda apardığı ictimai-siyasi mübarizəni, oğlu düşmənlə açıq döyüşdə, cəbhədə, güllə, mərmi atəşləri altında aparırdı. Hansı tərəfdən baxsan Əfəndilər ailəsi ömürlərini Azərbaycan uğruna fəda edənlərdir.   

  Həyata qəfil vida edən Nofəlin feysbuk profilindəki paylaşımlarının böyük hissəsi Azərbaycanla, Vətənlə bağlıdır. Gah Cümhuriyyət bayramını təbrik edir, bayrağa ehtiram göstərir, gah Rəsulzadələri xatırlayır, gah milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyi. Gah da şəhid polis Həsən Salmanini. Və belə yazır: “Hörmətli dostlar, diqqətinizə görə çox sağ olun, Allah keçənlərinizə rəhmət eləsin!

 Dünya yaxşılardan xali deyil, Azərbaycan polisində çox qeyrətli vətən övladları olub və dövlətçiliyimiz, müstəqilliyimiz və ərazi bütövlüyümüzü qoruyub, həlak olublar. Heç şübhə etmirəm ki, belə insanlarımız indi də polis sıralarında az deyil…” Belə bir vətənpərvər paylaşım edib mərhum Nofəl Ağamalıoğlu Əfəndi. Profilində yerləşdirdiyi fotosuna şərh yazanlara da təmkinlə, səbrlə, səmimiyyətlə, ehtiramla, hörmətlə cavab verir.  
  
  “Allah qorusun, amma atanıza oxşada bilmədim sizi, yəqin ananıza oxşayırsınız” yazan xanıma, baxın, Nofəl necə cavab verir:

 “Hicran Nasibova xanım, baxış bucağından asılıdı, indi siz atama oxşatmırsız, ola bilər başqa şəkildə oxşadarsız. Allah sizi də qorusun”. Hicran xanım da bu mehribanlıq qarşısında “Ola bilər. Allah rəhmət eləsin atanıza. O, atamın, ümumiyyətlə evimizin əziz qonaqlarından idi” yazıb. 

  Şahlıq xanımsa bunları yazıb: 

“Əzizim Nofəl, necəsiniz? Mənim üçün çox dəyərli olan anan necədir? Mənim əvəzimdən onu öpərsən. Qaldı ki atana oxşamağın, hər sarıdan ona layiq oğulsan və ona oxşayırsan, yəqin ki, mən düz olaram, çünki mən hamıdan çox görmüşəm”.  

  Nofəl Ağamalıoğlu Efəndi: Şahlıq Əhmədli, təşəkkür edirəm, Şahlıq xanım. Salamınızı çatdırdım Nabat xanıma”.
  Bu qədər səmimi, mehribancasına bir ünsiyyət yaradırdı Nofəl Ağamalıoğlu. Onu tanıyanlar, çevrəsində olanlar da Nofəli daim bu cür xatırlayır. Sakit təbiətli, səmimi, mehriban, böyüyə də, kiçiyə də ehtiram göstərən. Və əlbəttə, atasının layiqli davamçısı!   

  Ağamalı Sadiq Əfəndinin bacısı Güllüzar xanımın qardaşıyla bağlı qələmə aldığı xatirələrdə bu misralar var: 

“Hər ölənə ağı deyib ağlamaq olmaz,
Ölümlər var, MİSRİ üstə, CƏNGİ üstədir.
Adam var ki, ölümə də qısqandım onu,
Ölüm gördüm həvəsimdən ölmək istədim.

  Yenə deyirəm, Ağamalı kimi şərəfli ömür yaşamaq üçün yəqin ki, çoxları sonrakı ağılla çox şeyi qurban verməyə hazır olardı. Ancaq Ağamalı ömrünün zülm və məşəqqətlərinə hər oğul da dözə bilməzdi. Azərbaycan demokratik mətbuatının yaradıcılarından olan (1991-ci ildə "Müxalifət" qəzetini yaradıb və qəzetin ilk baş redaktoru olub), vətən fədaisi Ağamalı Sadiq Əfəndi üçün iqtidarlı-müxalifətli Bütöv Azərbaycan və onun dövlətçiliyi var idi və o, ömrünün sonunadək Vətəninə və bu dövlətçilik prinsiplərinə sadiq bir ömür yaşadı”.

  Ağamalı Sadiq Əfəndinin oğlu Nofəl Ağamalıoğlu haqqında da eyni sözləri mübaliğəsiz söyləmək mümkündür. Ata ilə oğul, müəyyən mənada fərqli həyat yaşasalar da, hər ikisini birləşdirən Vətən sevgisi, Vətənə, Azərbaycan dövlətçiliyinə bağlılıqdır. Nofəl Ağamalıoğlu mətbuata verdiyi müsahibədə atası barədə ürəyində olanları danışmışdı:       

- Təbii ki, hər bir ata kimi, onun da öz övladları ilə bağlı arzuları var idi. Yaxşı təhsil almağımızı və ailə qurmağımızı görməyi istəyirdi. Bir də nəvə arzusundaydı. Uşaqları çox sevərdi. Hər dəfə məhəlləyə girəndə cibindən konfet çıxarıb uşaqlara paylayardı, balacalar da onu yaxşı tanıyırdı, görən kimi qışqırırdılar, “Ağamalı babamız gəldi” deyib üstünə qaçışırdılar. Biz demək olar ki, onun arzularını yerinə yetirdik, mən ali təhsil aldım, qardaşım da hazırda oxuyur, hər ikimiz ailə qurduq, atamın nəvələri var. Amma təəssüf ki, atam bu günlərimizi görmədi. Bizim yeganə təskinliyimiz odur ki, o, qısa ömür yaşasa da, kişi kimi yaşadı, həyatını, sağlamlığını Azərbaycan naminə verdi, bunu onu tanıyanlar yaxşı bilir, özləri də vaxtaşırı deyirlər. 
  Nofəl Ağamalıoğlu atasının ona həsr etdiyi şeiri də yada salmışdı: 
“Başına dönüm, üzməyi öyrən,
Öyrən, bu, dənizdir, batarsan, bala. 
Dəniz adamları üzür, sürünmür. 
Dəniz Füzuli kimidir - dibi görünmür..."

  Nofəl Ağamalıoğlu atasının bütün arxiv materiallarını toplayıb kitab halına salmaq istədiyini, lakin buna imkanı çatmadığını da demişdi. Sonra da “amma inanıram ki, günün birində bu kitabı ərsəyə gətirəcəyəm, inşallah”. Biz də inanırıq və ümid edirik ki, Ağamalı Sadiq Əfəndiyə layiqli kitab işıq üzü görəcək mütləq. Və o kitabda atasının ləyaqətli, vətənpərvər oğlu, qazi Nofəl haqqında da yazılacaq, mütləq. Ruhları şad olsun. Qaymaqlı kəndində uyuyan fədakar ata ilə oğulun. Allah rəhmət eləsin.