“Moskva Paşinyan və Qərbin razılaşdırdığı sülhə imkan vermir”

“Azərbaycanın istədiyi sülhə isə Ermənistanı razı sala bilmirəm deyir”  


"Ermənistanla Azərbaycan arasında sülh sazişi lazımdır, amma biz İrəvanı məcbur və ya diktə edə bilmərik".
Bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında bildirib.
O qeyd edib ki, Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ideyasını dəstəkləyir:
“Uzun illər ərzində Ermənistan tərəfi ilə danışırdıq, dialoq aparırdıq və vəziyyəti nizama salmağı təklif edirdik. Ermənistan faktiki olaraq Azərbaycanın 7 rayonuna nəzarət edirdi. 

Deyirdik ki, gəlin, münasibətlərin normallaşmasına doğru gedək. İki Azərbaycan rayonu var ki, onlar böyük rayonlardır. Hansısa mərhələdə Azərbaycan tərəfi ilə razılaşacağıq, 5 rayonu verin. Onlar lazım deyil, mənasızdır və boşdur. Oradan adamlar gedib, onları saxlamağın mənası nədir? Qarabağla əlaqə üçün 2 rayon var, özü də onlar böyükdür. Lakin Ermənistan rəhbərliyi öz yolu ilə getdi. Məlum olduğu kimi, bu da bugunkü vəziyyətə gətirib çıxardı. Hesab edirik ki, qaçqınların qaytarılması ədalətli addımdır. Bu, bütövlükdə regionda vəziyyətin normallaşması istiqamətində yaxşı addım olardı”.

V.Putin əlavə edib:

“Nizamlanma, sülh müqaviləsi məsələsinə gəlincə, mövqeyimiz ondan ibarətdir ki, sülh müqaviləsi lazımdır və biz sülh yolu ilə nizamlanmanın tərəfdarıyıq. Eləcə də sərhədlərin delimitasiyası və sərhəd məsələləri. Hansı variantı seçmək isə artıq Ermənistanın, Ermənistan rəhbərliyinin və erməni xalqının işidir. Biz heç nəyə məcbur etmək fikrində deyilik. Biz Ermənistana heç nə diktə etməyəcəyik. Erməni xalqı və ya Ermənistan rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin bütövlükdə Qarabağ üzərində Azərbaycanın suverenliyinin tanınmasını nəzərdə tutan Vaşinqton variantı seçilməlidir, buyursunlar, özləri bilərlər. Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağ gələcək sülh müqaviləsində nəzərə alınmalıdır, bu da mümkündür. Amma təbii ki, Azərbaycanla razılaşdırmaq lazımdır. Bu razılaşmaların qarşı tərəf - Azərbaycan üçün də məqbul olması lazımdır”.

Rusiyanın münaqişənin uzun müddət davam etməsini istədiyini deyən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a bildirib ki, onlar heç bir halda yekun həll olunmada maraqlı deyillər:

"Çünki  Ermənistanla Azərbaycan arasında tam şəkildə sülh müqaviləsi imzalandıqdan sonra, Qarabağdakı Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi  hissənin taleyi qərarlaşdırılmalıdır.  Bu da aydındır ki, əgər Ermənistanın bu əraziylə bağlı iddiası yoxdursa, o zaman Azərbaycanın suverenliyi qeyri-şərtsiz bərpa olunmalıdır. Məhz buna görə də Kreml Bakı ilə İrəvan arasındakı sülhün tezliklə bərqərar olmasını istəmir".  

Ekspert qeyd edib ki, Putin “Ermənistanı məcbur edə bilmərik” ifadəsi ilə Azərbaycana Rusiyanın imkanlarının məhdud olduğunu göstərmək istəyir:

"Yəni o bununla bildirməyə çalışır ki, biz sülh istəyirik, amma İrəvanı məcbur edə bilmirik. Digər tərəfdən isə Avropa İttifaqı, ABŞ və başqa vəsitəçilər sülhü dəstəkləyir. Yəni Moskva Paşinyan hakimiyyəti və Qərbin razılaşdırdığı sülhə imkan vermir, Azərbaycanın istədiyi sülhə isə Ermənistanı razı sala bilmirəm deyir.  

Əslində ortada sülh müqaviləsinin olmamasına dair yönəlmiş fəaliyyət var. Biz dəfələrlə bu barədə danışmışıq ki, Qarabağ münaqişəsi Qafqaza qoyulmuş saatlı bombadır. 

Ümumilikdə isə Rusiya münaqişəni uzatmağa və Azərbaycanla Ermənistana maksimum təzyiq vasitələrini  əlində saxlamağa çalışır".