“Rəsmi Ankara rəsmi Bakının regional güclər tərəfindən təklənməməsinə çalışır”
“Həmçinin Qarabağ və digər məsələlərdə güzəştə getməmək, öz milli maraqlarını tam bərqərar etməyə səy göstərir”
“Çünki Azərbaycanın öz milli maraqlarını tam bərpa etməsi rəsmi Bakının güclənməsi və regional gücə çevrilməsi deməkdir”
"Hazırkı proseslərə tək geosiyasi amilləri nəzərə almaqla düzgün qiymət vermək mümkün deyil".
Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Onun sözlərinə görə, indiki şəraitdə baş verənlər həm bizim, həm də dünyanın mövcud olan istənilən qaynar nöqtələrindəki regionlara təsir göstərir:
"R.T.Ərdoğan və İ.Əliyev arasındakı telefon danışığını da bu müstəvidə qiymətləndirmək lazımdır. Azərbaycan coğrafi mövqeyinə görə, onun şimal və cənubunda inkişafını istəməyən, ölkəmizi bacardıqca özündən asılı hala salmağa çalışan Rusiya və İran kimi böyük dövlətlər var. Belə olan halda, təbii ki, Azərbaycan meydanda tək qaldığı zaman çox ciddi addımlar ata bilməz. Tək bizim dövlət yox, hətta dünyanın ən güclü ölkəsinin belə ona qarşı birləşmiş qüvvə ilə təkbaşına mübarizə aparması çətinləşər. Eynilə Azərbaycanda bu kimi riskləri doğru dəyərləndirir. Ərdoğan və Əliyev arasındakı müzakirələr də məhz bunun bir hissəsidir. Türkiyə yaxşı anlayır ki, indi Azərbaycanı mübarizə meydanında tək qoymaq ölkəmizin müstəqil xarici siyasət yeridə bilməsini tamamən sıfırlayacaq. Bu, həmçinin rəsmi Ankaranın özünün regional və dünyəvi maraqlarına ciddi zərbədir".
Analitikin qənaətincə, Azərbaycan və Türkiyə prezidentləri arasındakı telefon danışığı, fikir mübadiləsi zamanı Soçi görüşünün ələ alınması Türkiyənin prosesləri dəqiqliklə izlədiyini təsdiq edir:
"Eyni zamanda qardaş ölkə məlum məsələlərdən kənarda qalmaq istəmir. Rəsmi Ankara rəsmi Bakının regional güclər tərəfindən təklənməməsinə çalışır. Həmçinin Qarabağ və digər məsələlərdə güzəştə getməmək, öz milli maraqlarını tam bərqərar etməyə səy göstərir.
Çünki Azərbaycanın öz milli maraqlarını tam bərpa etməsi rəsmi Bakının güclənməsi və regional gücə çevrilməsi deməkdir. Regionumuzda da Azərbaycanın əsas söz sahibinə çevrilməsi Türkiyənin həm bölgədəki, həm də dünyadakı maraqlarına effektiv təsir göstərəcək. Ona görə də hər iki prezidentin bu kimi təmaslarını müsbət qiymətləndirirəm. Əminəm ki, bundan sonra da əlaqələr davam edəcək və hər şey Azərbaycan-Türkiyə müttəfiqliyinin daha da genişləndirilməsinə, inkişaf etdirilməsinə, eyni zamanda bu ölkələrin maraqlarının tam təmin edilməsinə fokuslanacaq".
Qeyd edək ki, noyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.Telefon söhbəti zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü, imzalanmış birgə bəyanat müzakirə olunub. Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi aparılıb.