Deputat:“Hər zaman döyüşə hazır olmalıyıq”

"Bütün məsələlər bir neçə gündən sonra Milli Məclisdə büdcənin müzakirəsi vaxtı elan olunacaq".
Bu sözləri "Sherg.az"a millət vəkili Elman Məmmədov Azərbaycanda hərbi xərclər artırılmasına münasibət bildirərkən deyib. 
O bildirib ki, Azərbaycanın bugünkü durumu, ətrafımızda mövcud olan gərginliklər, xoş olmayan münasibətlərin səbəbkarları məlumdur: 

"İlk növbədə, təbii ki,  Ermənistan və bizə düşmənçilikdə ondan geri qalmayan, rəsmi İrəvanın dostu, qardaşı molla rejimi ağıla gəlir. Biz dövlətimiz, təhlükəsizliyimiz və xalqımızı qorumaq, ərazi bütövlüyümüzün əbədi olması üçün həmişə müdafiəmizi yüksək səviyyədə saxlamalıyıq. Hər zaman döyüşə hazır olmalıyıq. Azərbaycan Ordusu güclüdür. Amma Silahlı Qüvvələrimiz qüdrətli olduğunu bilib, arxayınlaşmırırıq.  Hər gün ordumuzun bütün sahələr üzrə hazırlığını, müdafiə qüdrətini daha da artırırıq. 

Bunun üçün də bir neçə vacib, lazımlı şərtlərdən biri ordunun maliyyə dəstəyinin gücləndirilməsi, hərbi xərclərin qaydasında olmasıdır. Növbəti il üçün də müdafiə xərclərimizi kifayət qədər nəzərdə tutmuşuq. Bu, çox önəmlidir. Azərbaycan ordusu mövcud olan ən müasir silahlarla təchiz olunub. Ordunun fiziki, döyüş, hazırlığı, hərbçilərin təminatı kimi məsələlər hamısı dövlət başçımızın nəzarətindədir". 

Qeyd edək ki, gələn il Azərbaycanda hərbi xərclər artırılacaq. 
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Fəzail Ağamalı deyib. O vurğulayıb ki, 2023-cü il ölkəmizdə hərbi xərclər bu illə müqayisədə, təxminən, 600 milyon manat artırılacaq. Amma bu, kifayət deyil. Hərbi xərclər az artırılır".