Molla rejimi erməni vandallığına “göz yumub”

"Hər şey göz qabağındadır. Necə deyərlər, elin gözü tərəzidir. Cəmiyyətimiz, insanlarımız İranın ermənipərəst siyasətinə qiymət vermək iqtidarındadır".
Bu sözləri "Sherg.az"a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Onun sözlərinə görə, bu davranışlar  molla rejiminin anti-Azərbaycan mövqeyinin təzahürüdür:

"Təəssüf  ki, İran siyasi rəhbərliyi bütün addımları ilə Ermənistan maraqlarının rəsmi Tehran hakimiyyəti üçün hər şeydən üstün olduğunu deməyə çalışır. 

Cənub qonşumuz müharibə zamanı rəsmi İrəvanla bağlı heç bir ciddi və sərt açıqlamalar verməyib. Düşmən ölkə həm öz ərazisində, həm də işğal olunmuş torpaqlarda Azərbaycanın tarixi abidələrini dağıdıb. Lakin molla dövləti buna reaksiya verməyib. 

Həmin əməllər əfsuslar olsun ki, indi də davam etdirilir. İranda çoxmilyonlu Azərbaycan əhalisi yaşayır. Güneyli soydaşlarımız məlum siyasətdən narahatdırlar. 

Ara-sıra öz etiraz səslərini ucaldırlar. Bu da Tehran rejiminin siyasi dairələrinin apardığı siyasətin öz xalqının mənafeyinə belə xidmət etmədiyi anlamına gəlir". 

Qeyd edək ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın Azərbaycana gözlənilən səfəri təxirə salınıb. Səbəb isə göstərilməyib. Rəsmi Tehran tərəfi son anda səfərdən imtina edir, amma rəsmi İrəvanla qarşılıqlı səfərlərinin sayı artır. Molla rejimi əli müsəlmanların qanına batan Ermənistan rəsmilərinə qucaq açır.