"Pakistandan düyü idxalının gömrük rüsumundan azad edilməsi daxili istehlak bazarında qiymət artımının qarşısını almaq məqsədi daşıyır".
Bunu "Sherg.az"a iqtisadçı Pərviz Heydərov deyib. O diqqətə çatdırıb ki, dünyada olduğu kimi ölkəmizdə də inflyasiya və bahalaşma prosesinin davam etdiyi məlumdur:
"Ümumiyyətlə, bu il ərzində bahalaşma tendensiyası səngimədi, əksinə hər keçən müddətdə bir az da sürətlə, yüksələn xətt üzrə inkişaf etdi və edir.
Bahalaşma, inflyasiya prosesində kənd təsərrüfatı və qida məhsullarının qiymətləri əsas yer tutur.
Ona görə də mənfi fəsadları aradan qaldırmaq üçün ölkəyə idxal olunan bəzi ərzaq məhsulları üzrə gömrük rüsumları və vergilərin azaldılması, həmçinin yerli məhsulların bazarlara çıxışı, yaxud başqa sözlə, reallaşdırılması imkanları maksimum asanlaşdırılmalıdır.
Ölkəmizə düyü idxalının əsas hissəsi eyni zamanda Pakistanın üzərinə düşür. Gömrük rüsumundan azad olunması ölkədə sözügedən məhsul növünün bahalaşması qarşısını alacaq".