"Azərbaycan-Türkiyə-Qazaxıstan nazirlərinin növbəti üçtərəfli görüşündə əsas məqsəd son günlər diqqəti cəlb edən Qazaxıstan nefti və qazının iki qardaş ölkə üzərindən dünya bazarlarına ixracıdır".
Bunu "Sherg.az"a Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov deyib. O söyləyib ki, prosesdə Azərbaycan və Türkiyə əsas tranzit ölkə hesab olunur:
"Artıq son dövrlərə qədər Qazaxıstan nefti və qazının Rusiya üzərindən daha çox dünya bazarlarına çıxarıldığını nəzərə almalıyıq. Bu da daha çox Ukrayna ərazisindən keçməklə aparılırdı. İndi vəziyyət ağırlaşıb. Eyni zamanda Rusiya və Qazaxıstan arasında da gərginlik mövcuddur. Ona görə də Qazaxıstan artıq nəqliyyat marşrutunu dəyişərək, prosesi Azərbaycan və Türkiyə üzərindən həyata keçirməyə çalışır. Belə olan halda hesab edirəm ki, XİN başçılarının görüşündə diqqət çəkən və müzakirə obyektinə çevriləcək məsələlər nəqliyyat, kommunikasiya, ticarət, iqtisadi, siyasi əlaqələrin olacağı gözlənilir. Eyni zamanda bildiyimiz kimi, Çinin "Bir kəmər, bir yol" layihəsi çərçivəsində Pekindən başlayaraq, Avropa bazarlarına çıxarılacaq dəmir yolu xətti var. Bu çərçivədə Azərbaycan hazırda Ələt Beynəlxalq Dəniz limanının fəaliyyətini həm genişləndirir, həm də sürətləndirir. Hərbi-texniki sahədə də fikir mübadiləsi aparılmalıdır. KTMT parçalanarsa, yerində Türk Dövlətlər Təşkilatının hərbi qanadı yaradıla bilər".
Qeyd edək ki, noyabrın 25-də Qazaxıstanın Aktau şəhərində Türkiyə-Azərbaycan-Qazaxıstan üçtərəfli xarici işlər və nəqliyyat nazirlərinin ikinci toplantısı keçirilib.