“Əgər beynəlxalq dəstək olacaqsa, rəsmi Tehran Rusiya kimi sanksiyalarla zəiflədiləcəksə, İran hakimiyyəti də təcrid olunacaqsa, hadisələr yeni bir inqilaba gətirib, çıxaracaq"
"İranda baş verən hadisələrin kökündə dayanan səbəblərdən biri rəsmi Tehran hakimiyyətinin daxilində baş verən böhrandır".
Bunu "Sherg.az”a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu İranda yeddi azərbaycanlı fəalın həbsindən danışarkən deyib. O diqqətə çatdırıb ki, istənilən inqilab dərhal islahatlara getmədiyi təqdirdə məğlubiyyətə məhkumdur:
"45 ildən artıqdır ki, İranda İslam İnqilabı qalib gəlib. Amma indiyə qədər orada İslam İnqilabının vəd etdiyi yeniliklərlə bağlı addım atılmayıb. Bu da ölkədə çox ciddi narazılığa gətirib, çıxarıb. Digər bir məsələ isə yeni nəslin (45 yaşa kimi) ortaya çıxmasıdır. Həmin şəxslər şah dönəmini görməyiblər.
Ona görə də əvvəlki rejim haqqında heç bir təsəvvürləri yoxdur. Bütün düşüncələri isə bugünkü Tehran və dünyada olan digər rejimlərin müqayisəsindən əldə ediblər.
Bu iki faktor İranda xüsusən də, gənclər arasında böyük narazılıq yaradır. Başqa bir səbəb isə İranın ali lideri Ayətullah Seyyid Əli Xameneinin səhhətində yaranan problemlərdir. İranın gələcək ali lideri olmaq uğrunda daxili mübarizə gedir.
Hətta Xameneinin yaxın qohumlarının həbsi ilə bağlı məlumatlar yayılıb. Yəni üçüncü səbəb hakimiyyətdəki parçalanmadır. Beynəlxalq ictimaiyyətin İrandakı hadisələrə düzgün, birmənalı qiymət verməsindən çox şey asılıdır.
Əgər beynəlxalq dəstək olacaqsa, rəsmi Tehran Rusiya kimi sanksiyalarla zəiflədiləcəksə, İran hakimiyyəti də təcrid olunacaqsa, hadisələr yeni bir inqilaba gətirib, çıxaracaq".
Qeyd edək ki, İranda yeddi azərbaycanlı fəal həbs olunub. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.