İran "bulanıq suda balıq tutmaq" istəyir, amma “minaya” düşür!


“İşğalçı Rusiya və Ermənistana silah-sursat ötürür”

“Molla rejimi heç öz daxilindəki problemlərini həll edə bilmir”

“Təbii ki, onun məlum siyasət sonda özünün dövlət maraqlarına böyük zərbə vuracaq. İranın atdığı addımlar sülhə xidmət etmir" 

"İran harada bir gərginlik qığılcımı varsa, orada vəziyyətin daha da ağırlaşmasına çalışır".
Bunu "Sherg.az"a "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov NATO-nun baş katibi Yens Stoltenberq İrana xəbərdarlığından danışarkən deyib. Onun sözlərinə görə, Rusiya-Ukrayna savaşında İranın şimal qonşumuza satdığı PUA və digər silah-sursatlar müharibənin gedişinə ciddi təsir göstərməsə də, Ukraynada dinc əhalinin qətliamına səbəb olan amillərdən biri kimi qiymətləndirilə bilər:

"Rəsmi Tehranın təkcə rəsmi Moskva ilə deyil, həmçinin Ermənistana da silah-sursat ötürməsi, PUA-larının düşmən ölkəyə satılması üçün erməni hərbçilərinə öz ərazilərində təlim keçməklə bağlı məlumatlara rast gəlinir. Bundan başqa, bir neçə gün öncə Ukrayna tərəfindən iranlı hərbçilərin öldürülməsi ilə bağlı informasiyalar yayılıb. Əlbəttə ki, İranın mütəmadi şəkildə addım atması təkcə Ermənistana, yaxud da Rusiyaya dəstək verməklə bitmir. Eyni zamanda Yaxın Şərqdə də bəzi terrorçu dəstələri maliyyələşdirir. Onları silah-sursat və hərbi təchizatla təmin edir. Bütün bunları etməkdə bir məqsəd var. İran "bulanıq suda balıq tutmaq" siyasəti yürüdür. Hər kəsə aydın olan davranışları digər dövlətlər heç də xoş qarşılamır. Belə hərəkətlər rəsmi Tehranın öz daxilindəki gərginliyin pərdəarxasına keçirilməsi planlarından xəbər verir. 

Yəni öz daxilində iqtisadi vəziyyətin ağırlığı və rejimin yaratdığı gərgin durumla əlaqədar olaraq, insanların narazılığını ört-basdır etməyə çalışır. Bunların hər biri hesablanmış planlardır. 

Bölgədə ümumi gərgin atmosferin davam etməsi cənub qonşumuzun maraqlarına cavab verir. Nəzərə almalıyıq ki, ölkə daxilində artıq yalnız Azərbaycan türkləri deyil, eyni zamanda kürdlər, ərəblər və digərləri də İrana qarşı etiraz edirlər. Hətta farsların özü belə indiki rejimi narazılıqla qarşılayır. 

Bu o deməkdir ki, Molla rejimi heç öz daxilindəki problemlərini həll edə bilmir. Təbii ki, onun məlum siyasət sonda özünün dövlət maraqlarına böyük zərbə vuracaq. İranın atdığı addımlar sülhə xidmət etmir". 

Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq İrana xəbərdarlıq edib. O bildirib ki, İran və digər ölkələr Ukraynaya qarşı apardığı aqressiv müharibədə Rusiyaya yardım etməməlidirlər.