“Urmiya gölünün qurudulmasında siyasi məqsədlər var”

“Tehran rejimi kürdləşmə siyasəti aparır”

“Yəni artıq cənubi Azərbaycanda kürdlərin məskunlaşması ilə türk çoxluğunu azaltmağa çalışırlar” 


"Urmiya gölünün qurudulması həmin ərazidə yaşayan etnik türklərə, güney azərbaycanlılarına qarşı yanlış siyasətdir".
Bunu "Sherg.az"a siyasi şərhçi Əhəd Məmmədli deyib. Onun sözlərinə görə, Urmiya gölünün qurudulmasında siyasi məqsədlər var: 
"Urmiya şəhəri və ətrafında illərdir ki, Tehran rejimi kürdləşmə siyasəti aparır. Yəni artıq cənubi Azərbaycanda kürdlərin məskunlaşması ilə türk çoxluğunu azaltmağa çalışırlar. 

Ona görə də ayrılan vəsaitin başqa yerlərə sərf edilməsi də təəccüb doğurmur. Azərbaycan-Türkiyə dövlətləri güneyli soydaşlarımızın hüquqlarının qorunması yönündə ciddi addımlar atmalıdır. 

Məsələ beynəlxalq müstəvidə həll edilməlidir. İranda hüquqları pozulan həmvətənlərimizi müdafiə etməyi bacarmaq və nəticə əldə etmək lazımdır. Həmçinin Urmiya gölünün qurudulmasına beynəlxalq səviyyədə etiraz səsimizi qaldırmalıyıq ki, rezonans doğursun. 

Nəticədə Molla rejiminə qarşı edilən təzyiqlər səbəbindən rəsmi Tehran xoşagəlməz siyasətindən əl çəksin". 

Qeyd edək ki, Təbriz əsilli və hazırda Fransada yaşayan azərbaycanlı tədqiqatçı, İran azərbaycanlılarının insan hüquqları müdafiəçisi, “Ərk” İnsan Haqları Komitəsinin sədri Jalə Təbrizli Urmiya gölünün qurudulmasının azərbaycanlılara qarşı ayrı-seçkilik olduğunu bildirib:

"BMT-də, UNESCO-da Urmiya gölünün qurumasının qarşısının alınması üçün vəsait ayrılmasına dair məsələ qaldırıblar. İran həmin vəsaiti özü üçün xərclədi. Ancaq gölün quruması üçün heç bir vəsait xərcləməyib".