Mobil telefona hansısa şəkildə dövlətin nəzarət etməsi bizim təhlükəsizliyimizə xidmət edir
Azərbaycanda telefonların IMEI nömrəsini dəyişənlər on iki min manat cərimə ediləcək.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 368-1-ci maddə (Mobil cihazın IMEI nömrəsinin dəyişdirilməsi və ya surətinin köçürülməsi) əlavə olunur.
Yeni maddəyə əsasən, mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın IMEI nömrəsinin dəyişdirilməsinə və ya surətinin köçürülməsinə görə fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər 3 000 manatdan 4 000 manatadək məbləğdə cərimə ediləcək.
Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 600 manatdan 800 manatadək, vəzifəli şəxslər 2 000 manatdan 2 500 manatadək, hüquqi şəxslər 9 000 manatdan 12 000 manatadək məbləğdə cərimə olunacaq. Qanuna dəyişiklik layihəsi qəbul olunacağı təqdirdə 2023-cü ilin aprelin 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, IMEI beynəlxalq GSM Assosiasiyası tərəfindən ayrılan və hər bir telefon üçün fərqli olan 15 rəqəmli koddur. Telefonların qeydiyyata alınması, eləcə də cihazın şəbəkə ilə təmin olunması məhz bu kod vasitəsilə həyata keçirilir. Təəssüflər olsun ki, bəzi işbazlar qeydiyyat üçün tələb olunan rüsumu ödəməmək məqsədilə, həmçinin tələbatı nəzərə alaraq istehlaka yararsız olan və Beynəlxalq GSM Assosiasiyası tərəfindən dəstəklənməyən mobil cihazları orijinal məhsul kimi bazarda təqdim edirlər.
Hüquqşünas Kamal Məmmədovun sözlərinə görə, IMEI kodunun surətinin köçürülməsi, dəyişdirilməsi adi hal kimi görünsə də, bunun hüquqi öhdəlikləri var. IMEI saxtakarlığı ilə məşğul olan işbazlar bir çox baxımdan istehlakçı hüquqlarını pozurlar: “Qanunvericiliyə görə, ölkəyə mobil telefon gətirən sahibkar və ya fiziki şəxs IMEI qeydiyyatı zamanı dövlət rüsumu ödəyir. Bu da bazarda rəqabət mühitinin formalaşmasına şərait yaradır, monopoliyanın qarşısını alır. İndi təsəvvür edin, biri ölkəyə minlərlə mobil telefon gətirir və bu cihazları qanunsuz yollarla qeydiyyatdan keçirir. Sizcə, bu zaman vergi verən sahibkarın hüququ pozulmurmu? Təbii ki, pozulur.
İkinci məqam, telekommunikasiya sahəsinin bu istiqamətində hüquq-mühafizə tədbirlərinin təşkili məsələsidir. Bildiyimiz kimi, bu gün mobil telefonlardan istifadə geniş vüsət alıb, özü də hər gün bahalı qiymətə yeni model çıxır. Belə olan halda oğurluq halları da aktuallaşır. Yəni biri digərinin telefonunu oğurlaya bilər. Bu zaman telefonu olan şəxs polisə müraciət edir. Polis də oğurlanan telefonu IMEI kodu vasitəsilə tapır. İndi deyək ki, sizin oğurlanan telefonunuzun IMEI kodu saxtadırsa, yaxud da yoxdursa, necə tapılacaq?!
Sonuncu və ən ciddi məsələlərdən biri isə terrorizmlə mübarizənin gücləndirilməsidir. Çox şükür ki, ölkəmizdə terrorizm meyilləri hiss olunmur. Bəlkə də var, amma aidiyyəti təşkilatlarımızın səyi nəticəsində bunu sadə vətəndaş hiss etmir. Burada məsələ daha da aydın olur.
Yəni dövlət IMEI qeydiyyatını boşu-boşuna ortaya atmayıb, bu, zərurətdir. Bu gün baxsaq görərik ki, kommunikasiya vasitələri arasında ən çox istifadə olunan elə telefondur.
Əlbəttə ki, mobil telefona hansısa şəkildə dövlətin nəzarət etməsi bizim təhlükəsizliyimizə xidmət edir. Ayrıca, nəzarət deyəndə izləyicilərimiz elə başa düşməsin ki, onların telefonu dinlənilir. Burada söhbət yalnız telefonun olduğu yerin təyin olunmasından gedir”.
Ekspert hesab edir ki, IMEI saxtalaşdırılması istehsalçı və istehlakçı hququnun pozulmasıdır: “Əlbəttə ki, qeyd etdiyim məqamlar istehlakçı hüquqlarının pozulmasıdır. Əgər vətəndaşın telefonu oğurlanan zaman IMEI saxtakarlığı ucbatından tapılmırsa, bu, istehlakçı hüququnun kobud şəkildə pozulmasıdır. Digər məsələ, sizinlə eyni IMEI-də olan telefonu işlədən terrorçunun izlənilməsi zamanı müəyyən problemlər yaşaya bilərsiniz. Daha aktual məsələ isə borc predmeti olan mobil telefonlardır.
Təsəvvür edin gedib telefon almısınız və bu telefonun IMEI hansısa kreditdə olan mobil cihazın IMEI ilə eynidir. Sabah krediti ödəməyən “X” şəxsin telefonu bağlanılarsa, heç bir borcu olmayan vətəndaşın da telefonu bağlanır. Çünki sistem orada telefonu hansısa adlarla ayırmır, IMEI kodu ilə görür və məhdudiyyət bu koda qarşı həyata keçirilir”.