"İranda əxlaq polisinin ləğv edilməsinə dair müzakirələr aparılır. Rəsmi Tehranda qadınların hicab taxmasına nəzarət edəcək 30-a yaxın təşkilat var".
Bunu "Sherg.az"a politoloq Sədrəddin Soltan İranda əxlaq polisinin ləğv edilməsi barədə danışarkən deyib. Onun sözlərinə görə, yaratdıqları müxtəlif təşkilatlar hicab taxmaq qaydalarına riayəti diqqətdə saxlayır:
"Çünki hicab İran rejiminin əsas siyasi-ideoloji dayaqlarından biridir. Məlum aksiyaların əsas şüarlarından biri də azadlıqdır. 460-dan çox insanın qətlə yetirildiyi etiraz nümayişlərinin nəticəsi olaraq, bu hadisənin baş verməsi İran cəmiyyəti üçün uğur sayıla bilər".
S.Soltanın qənaətincə, perspektivdə əxlaq polisi fəaliyyətini davam etdirsə belə, Tehran rejiminin hicaba yanaşmasında müəyyən yumşalmaların olacağı istisna edilmir:
"Əks təqdirdə, İran hökuməti vəziyyəti daha da ağırlaşdırsa, cəmiyyətə qarşı bir az da sərt mövqe tutsa, onda hakimiyyətlə cəmiyyət arasında olan qarşıdurma, "çat" getdikcə dərinləşər.
Nəticədə rəsmi Tehran hakimiyyəti birbaşa uçuruma sürüklənər, gələcəkdə ölkədə hakimiyyətlə xalq arasında böhran dərinləşə bilər. Bu tip hadisələrin qarşısını önləmək üçün İran rejimi bəyanatlar verib.
Sözügedən hadisələrin ilk günlərində İranın ali lideri Ayətullah Seyyid Əli Xamenei orada qadınların yarım hicab qaydasında geyindiyini və onlara heç kimin təzyiq göstərmədiyini söyləyib. Xameneinin verdiyi bəyanata uyğun olaraq, İran hakimiyyətinin güc strukturları yarım hicab qaydalarının yerinə yetirilməsinə laqeyd yanaşacaqlar, ciddi sərtləşmə gözlənilmir.
Çünki sözügedən məsələ İran rejiminin "baş ağrısıdır". Vəziyyəti qəlizləşdirməmək üçün yanaşma müəyyən qədər əvvəlkindən fərqlənəcək. Əks halda, qaydaların həyata keçirilməsinə nəzarət etmək mümkün olmayacaq".
Qeyd edək ki, İranda davam edən etiraz aksiyaları fonunda əsas fəaliyyət istiqaməti qadınların hicab taxmasına nəzarət etmək olan əxlaq polisi ləğv edilib. Bu barədə İran baş prokuroru Məhəmməd Cəfər Montazeri məlumat verib.
Baş prokuror bildirib ki, əxlaq polisi ləğv edilsə də, məhkəmə bu sosial problemlə məşğul olmağa davam edəcək.