"Əslində, Rusiya ilə Ukrayna arasında müharibə 2014-cü ildən bu yana davam edir. Qərb Ukraynanın 25 faiz ərazisi işğal olunduqdan sonra rəsmi Kiyevə F-16-lar və hava-hücumundan müdafiə sistemləri vermək barədə müzakirələrə başlayıb".
Bunu "Sherg.az"a politoloq Azər Rəşidoğlu deyib. Ekspertin sözlərinə görə, bütün bunlar onu deməyə əsas verir ki, Qərb müharibənin bitməsində maraqlı deyil:
"Onlar savaşın uzun müddətdə davam etməsi və Rusiyanın Ukrayna bataqlığında daha çox çabalamasına çalışırlar. Bu gün rəsmi Kiyevə verilən silahlar gecikib. Ukraynanın hava-hücumundan müdafiə sisteminə uzlaşdırılması kifayət qədər zaman tələb edəcək. Bəzən bu məsələnin tam həlli üçün illərlə zaman tələb olunur.
Ukrayna əks-hücum əməliyyatlarını artıraraq, hətta bir sıra yerlərə Rusiya ilə sərhədə də çata bilər. Amma bu, heç də müharibənin başa çatacağı anlamına gəlməməlidir. Yaxın 2-3 ayda deyilən silahlar rəsmi Kiyevə verilərsə, Ukrayna təbii ki, əks-hücum tempini artıracaq.
Hətta bəzi istiqamətlərdə Rusiya ilə sərhədi bərpa da edə bilər. Amma bütün hallarda bu, yaxın perspektivdə müharibənin başa çatacağı anlamına gəlmir. Savaş hələ bir neçə il də davam edə bilər.
Qərb Ukraynanın qələbəsində deyil, Rusiyanın çökməsində maraqlıdır. Rəsmi Moskva isə hələ də dirəniş göstərməyə cəhd edir".
Qeyd edək ki, Milli Kəşfiyyat Direktoru Avril Haynes Rusiyanın keçən ay qoşunlarını Xerson bölgəsinin qərbindən çıxardıqdan sonra döyüşlərin səngidiyini deyib.