O taylı, bu taylı Azərbaycanın gözü olan bu şəhər dünyada ən məşhur xalçaları ilə tanınır
Xalçaçılıq böyük mədəniyyətə və qədim tarixi ənənələrə malik xalqlara məxsus sənətdir. Bu cəhətdən böyük mədəni irsə malik Azərbaycan xalqının yaratmış olduğu xalçalar naxış, kompozisiya, texniki xüsusiyyətlərinə görə dünyada çox məşhurdur. Xalça gözəl əl işi olmaqla yanaşı, həm də məişətdə istifadə oluna biləcək qiymətli əşyadır. Xalçaçılıq sənətində xalqımızın məişəti, düşüncəsi, adət-ənənəsi, mənəvi dünyası öz əksini tapır.
Yazıçı Mir Cəlalın "Bir gəncin manifesti" əsəri xalqımızın xalçaçılıq sənətinə olan sevgisinə ən gözəl nümunədir. Sona xanımın dilindən deyilən "İtə ataram, yada satmaram" ifadəsi xalçaya olan sevginin ifadəsidir.
Dünya mədəniyyəti içərisində yeri olan Azərbaycan xalçası özünün məxsusi ornamentləri ilə fərqlənən sənət nümünəsidir. Belə ki, Azərbaycan xalq tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Xalq sənətlərinin ən geniş yayılmış növü Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş xalça sənətidir. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların, habelə yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni zamanda, yüksək estetik əhəmiyyət kəsb edir.
Arxeoloji materiallara və yazılı mənbələrə əsasən, Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən məşğul olublar. Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzədilmiş at fiqurunun üzərində gül-çiçək təsvirləri ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənli təpəsindən aşkar edilmiş qızıl camın səthində üstünə çul salınmış şir təsviri və başqa tapıntılar Azərbaycanda xalça sənətinin nə qədər qədim tarixə malik olduğunu göstərir. Azərbaycanın nəhəng xalçaçılıq mədəniyyətinin böyük bir qolunu təşkil edən Təbriz xalçaçılıq məktəbi çox qədim ənənələrə, zəngin, çeşidli dəst-xəttə malikdir.
Sənətşünaslar qeyd edir ki, Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbi olaraq, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türkdilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynayıb, müxtəlif dövrlərdə İran xalça sənətinin təşəkkülünə ciddi təsir göstəriblər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan, eləcə də Avropa ilə ticarət əlaqələri olan Təbrizdə xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olub.
Cənubi Azərbaycanda xalçaçılığın dünya miqyaslı ən məşhur və iri mərkəzi Təbriz şəhəridir. Həmin şəhər dekorativ-tətbiqi sənətin zəngin ənənələrinin inkişafında mühüm rol oynayıb. Təbriz şəhəri həm də orta əsrlərdə qızıl-gümüş saplardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzi idi. Baha başa gəldiyindən əsasən feodallar üçün toxunulan bu cür xalçalar "zərbaf" adlanırdı.
Təbriz xalçalarının şöhrəti əsrlərdir ki, dünyanı dolaşır. Bu nadir sənət incilərinin sorağı ən dəbdəbəli saraylardan, zəngin muzeylərdən gəlir. Azərbaycan xalqının yüksək zövqünü və dərin idrakını əks etdirən bu xalçalar bəşər mədəni irsinin də inciləri sayılır.
Öz kompozisiyasına, süjetlərin təfsirinə, koloritinə və texnologiyasına görə Cənubi Azərbaycan xalçaları XVI əsrdə Təbriz məktəbinin yüksək tərəqqisi dövründə dekorativ tətbiqi sənətin həmin məktəbə xas ənənələrinin inkişafına dəlalət edir. Bu xalçalarda klassik dövrün miniatür rəngkarlığının təsiri hələ də duyulur. Lakin əvvəlki üsullardan uzaqlaşmada nəzərə çarpır. Süjetlər sanki ayrı-ayrı fraqmentlərə parçalanır və bu fraqmentlər ümumi dekorun daha çox formal ünsürlərinə çevrilir, artıq rəvayət xarakterli və hadisələrin mənasını açıb göstərən motivlər kimi başa düşülmür. Bir qayda olaraq ovçuların fiqurları, ov motivləri naxışlarla əvəz olunur.
Təbriz xalçalarının ənənəvi əlamətlərindən biri onlarda Azərbaycan memarlığının Göy Məscid, “Ucaytu Sultaniyyə” kimi abidələrinin təsvir olunmasıdır.
Çox vaxt xalça rəsmlərində Əhəmənilər sülaləsi dövrünün əfsanəvi saray kompleksi Təxti-Cəmşidin xarabalıqları, habelə din xadimlərinin, klassik Şərq ədəbiyyatı dahilərinin portretləri verilirdi.
Təbriz xalçaçılıq məktəbi "Bağ-behişt xalçası", "Bağ-meşə xalçası", "Balıq xalçası", "Buta xalçası", "Dərviş xalçası", "Kətəbəli xalçası", "Gördəst xalçası", "Göllü-guşəli xalçası", "Güldanlı xalçası", "Leyli və Məcnun xalçası", "Məşahir xalçası", "Mun xalçası", "Namazlıq xalçası", "Nəcaqlı xalçası", "Sərvistan xalçası", "Sərdari xalçası", "Səhənd xalçası", "Silsiləvi ləçək xalçası", "Fərhad və Şirin xalçası", "Xəyyam xalçası", "Xətai xalçası", "Həddad xalçası", "Çərxi-gül xalçası", "Ceyranlı xalçası" və s. klassik kompozisiyaları ilə məşhurdur.
Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir (“Leyli və Məcnun”, “Ovçuluq”, “Dörd fəsil”, Dərvişlər” və s.).
Təbriz qrupuna daxil olan xalçaları daha çox ilmələrin sıxlığı fərqləndirir. Elə bu yüksək sıxlıq bilavasitə xalçalarda ən zərif elementləri belə ifadə etməyə imkan verir. “Əfsan”, “Ləçək-türünc”, “Şeyx Səfi”, “Ağaclı”, “Sarabi”, “Açma-yumma” bu qrupun geniş yayılmış çeşniləridir. İlmələrin hündürlüyü 2-15 millimetrə, bir kvadratmetrdə ilmələrin sıxlığı isə 700-800 minə çatır.
Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar.
Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir.
Təbriz xalçaçılıq məktəbinin xalçaları dünya muzeylərində saxlanılır.
Təbriz xalçaçılarının toxuduqları ən məşhur xalçaçılıq nümunəsi “Şeyx Səfi” xalısıdır. XVI əsrə aid sənət əsəri hazırda Londonun Viktoriya və Albert muzeyinin şah əsərlərindəndir.
Təbrizdə toxunmuş “Ləçəktürünc” kompozisiyalı məşhur “Şeyx Səfi” xalısının tarixi 1539-cu ilə aiddir.
Bu, 1539-cu ildə Səfəvi hökmdarı I Təhmasibin sifarişi ilə Ərdəbil məscidi üçün toxunub. 1893-cü ildə həmin xalçanı ingilislər alaraq Londona aparıblar. Eni 5,34 m, uzunluğu 10,51 m, sahəsi 56,12 m olan xalça dünya muzeylərində saxlanılan ən nadir xalq sənəti nümunələrindəndir. Bəzəkləri gül-çiçək rəsmlərindən ibarətdir. Zəngin rəng çalarları vəhdət təşkil edir. Xalının mərkəzində yerləşən qönçə Günəşi, onun ətrafında dairə şəklində düzülmüş xırda güllər haləni, yaşıl, qırmızı, sarı rəngli 16 kiçik dairəvi qübbə isə Günəş şüalarını əks etdirir. Həmin kompozisiyanın yuxarı və aşağı hissələrində zəngin bəzəkli, qırmızı və şəkəri rəngli qəndil təsviri vardır. Ətrafdakı saysız-hesabsız əlvan naxışlar kainatdakı ulduzların rəmzidir.
Təbrizdə “Dörd fəsil” ənənəvi təsvirli xalçalar istehsal olunurdu (Ilin dörd fəsli). Bu xalçalarda mövzu dəyişməz olaraq qalırdı, kompozisiya isə rəssasmın zövqü və baxışlarına uyğun dəyişirdi. Kompozisiyasına görə orta sahə hər biri ilin bir fəslini simvolizə edərək ənənəvi dörd yerə ayrılır. Xalçaların ən dəyərlisi onun ilmələrinin həm sayca, həm də çalarca zəngin olmasıdır ki, bu sahədə Təbriz xalçaları birinciliyini bu günə qədər qoruyub saxlayır.