2023-cü ildə Azərbaycanın Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi ciddi bir hadisə olacaq
İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
Müasir dövrdə ölkəmizdə yeni innovasiyalara əsaslanan və mühüm inkişaf yolu keçən sahələrdən biri məhz kosmik sənaye sahəsidir. Digər sahələrdə olduğu kimi bu sahənin də yenidən qurulması və müasir prinsiplərlə formalaşdırılması uzunmüddətli strateji yanaşma ilə mümkün olub.
2008-ci ildə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanıb, 2009-cu ildə “Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiqlənib, növbəti ildə peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edilib. 2013-cü ildə “Azerspace-1” telekommunikasiya, 2014-cü ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb. Bu peyk layihələrinin həyata keçirilməsinin əsas məqsədləri ölkənin milli təhlükəsizliyinin təmin olunmasına dəstək verilməsi, sosial-iqtisadi inkişafa töhfə verilməsi, kommersiya fəaliyyətini genişləndirərək peyk layihələrinə yatırılan investisiyaların geri qaytarılması, elmi tədqiqatların aparılmasına dəstək verilməsi və beynəlxalq kosmik təşəbbüslərdə iştirak edərək ölkənin beynəlxalq imicinin yüksəldilməsinə töhfə verməkdir. Bununla yanaşı, Azərbaycan dövləti bu sahənin inkişafı üçün mühüm addımlarını davam etdirməkdədir.
Ölkəmiz azsaylı dövlətlərin təmsil olunduğu “kosmik klub”un üzvüdür.
Artıq 8 ildir ki, Azərbaycan öz peykləri ilə məhdud sayda dövlətləri birləşdirən dünya “kosmik klub”unda özünəməxsus yer tutur. Bu, sadəcə 3 peyk demək deyil, yüksək texnologiyaların Azərbaycana transferidir. Qabaqcıl texnologiyalar heç də hər ölkəyə asanlıqla verilmir. Azərbaycan dövlətinin beynəlxalq arenada qazandığı etibarlı tərəfdaş imici və effektiv xarici siyasəti bu məsələdə də həlledici oldu. ABŞ, Fransa, İngiltərə, Yaponiya, Malayziya kimi kosmik sahədə qabaqcıl ölkələrlə əməkdaşlıq nəticəsində peyklərimiz uğurla orbitə buraxıldı. Ümumiyyətlə, biz “Azərkosmos” olaraq dünyanın xidmət göstərdiyimiz istənilən nöqtəsində, ən uzaq ölkələrdə belə dövlətimizin nüfuzunu, dəstəyini hər zaman hiss edir, ondan bəhrələnirik.
Bu gün peyklərimiz dünyanın müxtəlif regionlarında insanların informasiyaya çıxışını təmin edir, regionlar arasında rəqəmsal uçurumun aradan qaldırılmasına xidmət edir. Məsələn, yerüstü kabel şəbəkəsinin xeyli zəif olduğu Afrika qitəsinin 60 faizdən çoxuna peyk interneti təqdim edir, Mərkəzi Afrika kimi humanitar böhran yaşanan bölgələrdə BMT missiyalarını rabitə ilə təmin edir, dünyanın müxtəlif münaqişə ocaqlarında sülhün bərqərar olunması təşəbbüslərinə töhfə veririk. Meşə yanğınları və neft çirklənmələri kimi təbii fəlakətlərin və fövqəladə halların nəticələrinin aradan qaldırılmasına köməyimizi göstəririk və dünya “kosmik klubu”nun üzvüyük dedikdə bütün bu fəaliyyətlərdə iştirakımız nəzərdə tutulur.
Texnoloji dəyişikliklər sayəsində kosmosun getdikcə daha əlçatan olması onu istifadəçilər üçün adiləşdirir, əlçatan “əmtəə”yə çevirir. Artıq bu məqamda deyə bilərik ki, yaşadığımız rəqəmsal dövrün əhəmiyyətli bir reallığı kosmos bazarında da özünü göstərmiş olur – yeni dəyərlər artıq sektorun infrastruktur tərəfində deyil, həmin infrastruktur vasitəsilə əldə edilən informasiyanın emalı nəticəsində yaradılır. Buna bir nümunə göstərək, məsələn, bu gün dünyada bahalı optik peyklər vasitəsilə hər gün, hər saat çox böyük həcmlərdə peyk təsvirləri çəkilir, serverlərdə saxlanılır və müştərilərə satılaraq böyük məbləğlərdə gəlirlər əldə edilir. Lakin qabaqcıl proqram təminatı vasitəsilə həmin təsvirləri emal edərək hazırlanan müxtəlif analitik təhlillər, tətbiqetmələr və texniki həllər – bir sözlə, “informasiya məhsulları”nın bazar dəyəri həmin peyk təsvirlərinin özünün satışından daha çoxdur, onun bazar dəyərini bir neçə dəfə üstələyir. Yəni artıq kosmik sektorda da digər sahələrdə olduğu kimi “informasiya məhsulu” ən dəyərli məhsul hesab edilməyə başlayır.
Qeyd edilən istiqamətləri nəzərə aldıqda görə bilərik ki, artıq Azərbaycan kosmik sənayesinin qarşısında fərqli vəzifələr dayanır və buna uyğun yeni strategiya tətbiq edilməlidir. Beynəlxalq Astronavtika Konqresinin Bakı şəhərində keçirilməsi də öz növbəsində ölkəmizin kosmik sahədə üfüqlərini genişləndirməkdə bir vasitə olacaq.
Qeyd edək ki, 2019-cu ilin oktyabr ayında ABŞ-nin paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə hazırlıq işlərinin effektiv və koordinasiyalı həyata keçirilməsi üçün 2022-ci ilin fevral ayında yerli dövlət qurumlarından ibarət Təşkilat Komitəsi yaradılıb.
“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib ki, gələn il oktyabrın 2-6-da Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirak etmək üçün 6 minə yaxın şəxsin Azərbaycana gəlməsi gözlənilir: “Beş gün davam edəcək konqres müddətində 200-dən çox tədbirin keçirilməsi nəzərdə tutulur. İdman tədbirlərini çıxmaq şərti ilə ölkəmizdə keçirilən heç bir beynəlxalq tədbirə bu qədər insan qatılmayıb. Ola bilsin ki, kimlərsə Konqresdə iştirak edə bilməsin. Bu səbəbdən konqresin sonuncu günü ictimaiyyət üçün “açıq qapı” günü olacaq. Təbii ki, tədbirin rəsmi saytı var və giriş də qeydiyyat əsasındadır. Çünki tədbirə olan marağı nəzərə alaraq bütün kütləni eyni anda həmin məkana buraxmaq mümkün deyil”.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov da hesab edir ki, konqresin Bakıda keçirilməsi Azərbaycanın kosmik sahənin inkişafına olan marağını göstərir:
“Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakıda keçirilməsini çox yüksək qiymətləndirmək lazımdır. Ölkəmizdə bu istiqamətdə bir çox layihələr həyata keçirilir. Bu sahənin inkişafı üçün müvafiq kadr hazırlığı olmalıdır. Biz təhsil sistemində çalışırıq ki, gənclərimizi bu sahəyə hazırlaşdıraq”.
Ekspertlərin fikrincə, məhdud sayda olan kosmik ölkələr ailəsinə daxil olsaq da, burada ölkəmizin imici çox əhəmiyyətli faktordur. Peyk ölkədə, xüsusilə də İKT sektorunda innovasiyaların inkişafına, texniki tərəqqiyə təkan verir. Telekommunikasiya və internet infrastrukturunun dayanıqlı və təhlükəsizliyi baxımından peyk faydalıdır. Bu həm də yeni iş yerləri, yeni mütəxəssislərin hazırlanması və bütövlükdə gələcək üçün yeni infrastrukturun formalaşması baxımından da xeyli faydalıdır.
Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün sözlərinə görə, milli kosmik infrastrukturun inkişafı dolayısıyla digər sahələrin, bu sahə ilə əlaqəli kadrların hazırlanmasına, sahə ilə əlaqəli elmin və innovasiyaların inkişafına, sahə ilə əlaqəli beynəlxalq əməkdaşlığın güclənməsinə ciddi təsir göstərir:
"Son zamanlar dünyada kosmik resursların bölüşdürülməsinə diqqət kəskin şəkildə artıb. Hesab edirəm ki, 2023-cü ildə Azərbaycanın Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi ciddi bir hadisə olacaq. Tədbirin Bakıda keçirilməsi təcrübə mübadiləsi və yeni birgə kosmik layihələr üçün çox faydalı platforma olacaq.
Ekspert onu da qeyd edib ki, son illər Azərbaycan İKT-nin müxtəlif sahələrində uğurlu inkişafı və yürütdüyü siyasəti ilə dünyada və regionda əhəmiyyətli iştirakçıya çevrilərək ayrı-ayrı ölkələrin və beynəlxalq səviyyəli şirkətlərin diqqətini özünə cəlb edə bilib: "Telekommunikasiya peykinin istehsalı, orbitə çıxarılmasından sonra xarici investorların da bu cür layihələrin maliyyələşdirilməsinə cəlb edilməsi, beynəlxalq kreditlərin ölkəyə axını üçün geniş şərait yarandı. Kosmik sənayenin yaradılması həm də neft-qaz sektorundan sonra İKT sahəsində də biznes mühitinin formalaşması baxımından Azərbaycanın müsbət imic qazanmasının nəticəsi kimi qiymətləndirilməlidir. Çünki peyk sistemlərinin yaradılması, telekommunikasiya peykinin istismara verilməsi Azərbaycanın beynəlxalq nüfuzuna müsbət təsir göstərir. İndi bütün dünya bilir ki, hazırda Azərbaycan MDB regionunda telekommunikasiya peykinə sahib olan 3 ölkədən biri, Qafqaz regionunda isə yeganə ölkədir”.