"Türkiyə ilə müqayisədə Azərbaycanda dərmanlar 5 dəfə bahadır”

“Səbəb inhisarçılıq və birinci dərəcəli qiymət diskriminasiyasıdır”

“İnhisarçı sözügedən dərmana tələbatın olduğunu bilir və istehlakçılara maksimal şəkildə baha qiymətə satır”


"Türkiyə ilə müqayisədə Azərbaycanda dərmanların qiyməti 5 dəfəyə yaxın bahadır”. 
Bunu "Sherg.az"a iqtisadçı-ekspert Fuad İbrahimov  "Qalvus Met" adlı dərmanın qiymətinin qalxmasından danışarkən söyləyib. 
O bildirib ki, adıçəkilən dərmanı başqa ölkədən öz anası üçün gətirir:

"Diabet xəstələrinin müalicəsində olduqca keyfiyyətlidir. 1 qutu heç bir ay istifadə olunmur. Ağır dərəcəli şəkər xəstələrinə görə nəzərdə tutulan preparatın 5 qat baha satılmasının yalnız bir iqtisadi səbəbi var. O da inhisarçılıq və birinci dərəcəli qiymət diskriminasiyasıdır. İnhisarçı sözügedən dərmana tələbatın olduğunu bilir və istehlakçılara maksimal şəkildə baha qiymətə satır. Nəticədə qat-qat çox vəsait qazanır. Digər problem isə sıravi vətəndaşların dərmanları xarici ölkədən gətirmək istədikləri zaman yaranır.  Özləri ilə 3-4 dərman qutusunu Azərbaycana keçirməyə çalışdıqda təəssüf ki, gömrük əməkdaşlarımız icazə vermirlər. Ölkəmizdə bunun dəfələrlə baha olduğunu izah etmək də işə yaramır, məhəl qoymurlar. Bundan əlavə, iqtisadçı kimi, neçə qutu gətirirəmsə, onun 18 faiz idxal, 18 faiz isə Əlavə Dəyər Vergisi (ƏDV) ödəyib, keçirməyi təklif edirəm. 

Onda da prosesin xüsusi lisenziya əsasında həyata keçirildiyini deyirlər. Bunun üçün ancaq xüsusi razılıq və İqtisadiyyat Nazirliyinin aidiyyəti şöbəsində müqavilənin təsdiq edilməsi lazımdır. 

Bununla bağlı Cənab Prezident İlham Əliyev noyabrın 21-də  Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə xüsusi qeyd etdi ki, iqtisadiyyatımızı xoşagəlməz hallardan azad etməliyik, inhisarçılığa qarşı mübarizəni daha da genişləndirməliyik. Təəssüf ki, bütün preparatların qiyməti eyni vəziyyətdədir”.

Ekspertin qənaətincə,  vətəndaşlarımızın istehlak səbətində qida və dərman preparatları üstünlük təşkil edir: 

“Belə hallar inhisarçılıqla bərabər cinayət sayılır. Təxminən 4 ildir, o dərmanı Azərbaycana gətirirəm. Bu illər ərzində hər dəfə problem yaşanır. Bu gün hökumətimiz qiymət artımının qarşısını almaq üçün bir çox məhsulları ƏDV-dən azad edirsə, inhisarçılar nəyə görə Azərbaycanda belə rahat fəaliyyət göstərir?!  Araşdırılması zəruri olan bu məsələ öz həllini tapmır".

Qeyd edək ki, sosial şəbəkələrdə daha bir dərmanın qiymətinin qalxması müzakirələrə yol açıb. Bildirilib ki, Bakıdakı apteklərdə 75 manat 66 qəpiyə satılan “Qalvus Met” adlı dərman Türkiyədə qat-qat ucuzdur.