Misir Qasımlının Azərbaycana ekstradisiyası mümkündür

Əhməd Şahidov: “Haqsızlığı Zelenskinin diqqətinə çatdırmaqda maraqlı olmalıyıq”


  Ukrayna məhkəməsi Azərbaycan vətəndaşı 29 yaşlı  Misir Qasımlı və onun dostu Sübhan Quliyevə hökm oxuyub.  Dekabrın 6-da   keçirilən məhkəmə prosesində onlar adam oğurluğu, xuliqanlıq və silah saxlamaqda təqsirləndirilərək 8 il azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, 29 yaşlı Misir Qasımlı Vətən müharibəsində iştirak edib. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

  44 günlük Qarabağ - Vətən müharibəsi iştirakçısının  qanunsuz həbsi Azərbaycan ictimaiyyətini hiddətləndirib. 
İddialara görə, M.Qasımlı Vətən müharibəsi zamanı, işlətdiyi "İrəvan Azərbaycandır" sözünə görə Ukraynada erməni əsilli İspaniya vətəndaşı ilə etdiyi mübahisədə şərlənərək həbs olunub. Bu səbəbdən də ölkə ictimaiyyətinin böyük əksəriyyəti sosial şəbəkə hesablarında  Azərbaycan hökumətini erməni tərəfindən şərlənərək 8 il azadlıqdan məhrum edilən Misir Qasımlıya dəstək olmağa, Ukrayna hökuməti qarşısında  onun qanunsuz həbsinə son qoyulması ilə məsələ qaldırmağı  tələb edirlər.
  Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi Misir Qasımlı və Sübhan Quliyevin məhkəmə işi və həbsi məsələsi ilə bağlı açıqlama yayıb.
  Səfirlikdən verilən xəbərdə bildirilib ki, 6 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası vətəndaşları Misir Qasımlı və Sübhan Quliyev Ukraynanın Kiyev vilayəti Obuxov rayon məhkəməsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum olunublar.
Bildirilib ki, Böyük Britaniya vətəndaşının şikayəti əsasında Ukrayna Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə cinayət işində təqsirləndirilən Misir Qasımlı və Sübhan Quliyev 2021-ci ilin 9 iyun tarixindən saxlanılıb: “Misir Qasımlının ailə üzvləri səfirliyə məlumat verdikdən sonra səfirlik məsələ üzrə zəruri tədbirlər həyata keçirib. Misir Qasımlının ailə üzvləri və şəxsən özü ilə telefon əlaqəsi saxlanılıb, vəkili və qohumları ilə dəfələrlə görüş təşkil olunub.
  İttihamların erməni əsilli şəxslərin sifarişi əsasında olduğu, istintaq zamanı və məhkəmə prosesində bir sıra qərəzli məqamların, eləcə də hüquq pozuntularının mövcudluğu barədə səslənən fikirlərə aydınlıq gətirilməsi məqsədilə səfirlik tərəfindən müvafiq iş aparılıb. Bu məlumatlardan narahatlığın əks olunduğu müraciətlər səfirlik tərəfindən Ukrayna Xarici İşlər Nazirliyinə ünvanlanıb. Ümumilikdə, məsələ üzrə Ukrayna XİN-ə 10 nota, digər qurumlara çoxsaylı məktublar göndərilib, proses səfirliyin diqqət mərkəzində saxlanılıb. Səfirlik məsələ barədə məlumat aldıqdan sonra bütün iclaslarda (səfirliyə məlumat verilmədiyi üçün bir apellyasiya iclası istisna olmaqla) iştirak edib.
Hazırda müdafiə olunan tərəf məhkəmə qərarı ilə bağlı müvafiq apellyasiya şikayətinin verilməsi istiqamətində iş aparır.
  Səfirlik məhkəmənin işinə və hüquqi prosedurlara müdaxilə olmadan prosesin ədalətli şəkildə həyata keçirilməsi məqsədilə, qanun çərçivəsində bütün mümkün zəruri tədbirlər görməkdə davam edir”.

Hüquq müdafiəçisi, Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov  “Şərq”ə açıqlamasında Misir Qasımlıya qarşı edilən haqsızlığın kifayət qədər ağrılı məsələ olduğunu deyib:  

“İkinci Qarabağ  müharibəsində könüllü savaşan, vətənpərvər qazimizin Ukraynada ermənilər tərəfindən şərlənərək 8 il həbs cəzasına  məhkum edilməsinə çox təəssüflənirəm. Bu gün  torpaqlarının ərazi bütövlüyü uğrunda Rusiya ordusuna qarşı döyüşən Ukrayna hökuməti  Misirlə bağlı keçirilən məhkəmə prosesində onun milli ruhda olmasını  və ona qarşı qurulan oyunun da məhz bu səbəbdən olduğunu nəzərə almalı idi. Ukrayna ilə Azərbaycan arasında ekstradisiya məsələsini tənzimləyən müqavilələr var. Həmin müqavilərə əsaslanaraq Misir Qasımlının Azərbaycana ekstradisiyası mümkündür. Ancaq bundan sonra onun əfv olunması və yaxud da cəzasının yüngülləşdirilməsi ilə bağlı məsələyə baxıla bilər. Məhkəmə qərarı yeni açıqlanıb. Bundan sonrakı proseslərlə Azərbaycan tərəfi bu barədə danışıqlar aparacaq. Nəzərə almalıyıq ki, Ukrayna dövləti müharibə şəraitində olduğu üçün dövlət qurumlarının fəaliyyəti də iflic durumdadır. Hazırkı mərhələdə  Misir Qasımlının vəziyyəti ilə bağlı danışıqlara başlamaq da çətindir.  Faktiki olaraq Ukraynadakı Azərbaycan səfirliyinin fəaliyyəti də dondurulmuş vəziyyətdədir. Amma hüquq müdafiəçiləri və media nümayəndələri olaraq biz bu məsələni daimi gündəmdə saxlamaqla Misir Qasımlıya qarşı edilən haqsızlığın Ukrayna rəhbərliyinin, xüsusən də Prezident Volodimir Zelenskinin diqqətinə çatdırmaqda maraqlı olmalıyıq. Aidiyyəti qurumlar və ya şəxslər bu məsələnin Ukrayna ilə Azərbaycan arasındakı dostluq münasibətlərinə xələl  gətirdiyinin fərqinə varmalıdır. Ukraynanın Bakıdakı səfirliyi qarşısında aksiyalar keçirməklə məsələni Ukrayna dövlətinin gündəminə daşımaq olar”.