Bakıdakı parkomatlar niyə yığışdırıldı? - Böyük maraqların toqquşması!

""Parkovşik" fəaliyyətinin icrası ilə bağlı müəyyən problemlər mövcuddur. Bakı şəhərində prospektlərin əksəriyyətində qeyri-rəsmi şəxslər işləyirlər".
Bu sözləri "Sherg.az"a nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyib. O bildirib ki, nəqliyyat vasitəsinin saxlanmasına görə, qanuni və ya qeyri-qanuni parklanma yerlərində sürücülərdən 1 manat məbləğində pul tələb edirlər:
"Əslində bu, "Yol Hərəkəti Haqqında" Qanunun şərtləri altında tənzimlənən bir məsələdir. Doğrudan da, həmin ərazidə avtomobilin dayanması qadağan edilibsə, Dövlət Yol Polisinin (DYP) müşahidə kameraları və ya reydləri vasitəsilə "nəzarətçilərə" cərimə tətbiq olunur. Amma hətta bəzən görürük ki, qadağa işarələrinə rəğmən belə şəxslər əllərində bir "çubuq", qeyri-qanuni parklanmanı icra edirlər. 

Bakı Nəqliyyat Agentliyi (BNA) ilə dəfələrlə bu məsələ müzakirə olunub. BNA bildirib ki, artıq təxminən 4 ilə yaxındır, Bakı Şəhər İcra Hakimiyyətinə parklanma yerləri və onun təsdiqi ilə yanaşı, tariflərin müəyyənləşdirilməsi barədə təkliflər verilib. Çox təəssüf ki, bu gün heç bir nəticə görmürük. Xatırlayırıqsa, illər öncə xarici ölkələrdən parkomatlar gətirildi. Lakin sonra həmin parkomatlar yığışdırıldı.

Görünür, böyük maraqların toqquşması baş verib. Nəticə etibarilə də hazırda "nəzarətçilər" qeyri-qanuni yolla fəaliyyət göstərirlər. Demək ki, onların da arxasında kifayət qədər ciddi məmur dayanıb. Bu səbəbdən arxayın şəkildə öz işlərini görürlər. Yeri gələndə pul verməyənin üzərinə hücum da çəkirlər. Bu məsələlər qeyri-qanunidir. Həmin "nəzarətçilər" cinayət məsuliyyəti daşıyır".

Qeyd edək ki, iddialara görə, Bakıda qanunsuz parklanma nəzarətçisi sürücüyə hücum edib. “Opel” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini saxladığı yer üçün ödəniş etməyib. "Nəzarətçi” hətta zərbə endirmək məqsədilə stulu götürərək, avtomobilə yaxınlaşıb. Lakin daha sonra maşının şüşəsini dartaraq, zədələyib.