Quduzluğa daha çox Asiya və Afrikada rast gəlinir. Hər il Asiyada təxminən 35 min, Afrikada isə 21 min adam quduzluq xəstəliyinə tutulur. ÜST-ün hazırladığı qlobal strateji planda 2030-cu ilə qədər itlər səbəbindən quduz olan insan ölümlərinə son qoyulması nəzərdə tutulur. Türkiyədə hər il təxminən 250 min insan quduzluq şübhəsi ilə Səhiyyə Nazirliyinə müraciət edir və bu insanlar dərhal peyvənd proqramına daxil olunur.
Gəlin, quduzluq xəstəliyi ilə bağlı ətraflı məlumatlanaq, bilgilərimizi artıraq və diqqətli olaq. Xəstəlik quduz heyvanın dişləməsi və ya qaşıması, onun tüpürcəyinin çatlamış dəri, gözləri, ağız və burnu ilə təması ilə keçir. İt, pişik, keçi, at, eşşək, inək kimi ev heyvanları və canavar, tülkü, çaqqal, donuz, ayı, dələ, kirpi və köstəbək kimi vəhşi heyvanların quduzluğa yoluxma ehtimalı yüksəkdir. Xəstəliyin pişik və itlər üçün 10 günlük müşahidəsi tövsiyə olunur. Digər heyvanlar üçün belə bir zaman verilə bilməz. Heyvanlarda quduzluğun əlamətlərinə xasiyyətində və ya hərəkətlərində dəyişikliklər, qorxaqlıq, əsəbilik və aqressivlik şəklində rast gəlinir. Heyvanın adətən, dişləmək istəyi güclü olur. Bədəndə iflic, udqunmada çətinlik, qıcolmalar görülür. Bu əlamətlərlə rastlaşdıqda həmin heyvanlardan qaçmaq lazımdır. İnsanlarda isə dişlənmiş bədən nahiyəsində hissiyyat dəyişiklikləri, iflic, udma çətinliyi, su qorxusu, huşunu itirmə, qıcolmalar, narahatlıq pozğunluqları kimi müşahidə olunur. Dəqiq diaqnozu laboratoriya vasitəsilə bəlli olur. Quduzluq ölümlə nəticələnən və müalicəsi olmayan bir xəstəlikdir. Lakin insan hər hansı heyvanın hücumuna məruz qalıbsa, mütləq səhiyyə müəssisəsinə müraciət etməlidir. İstənilən sağlamlıq müəssisəsində quduzluğa qarşı nəzərdə tutulan peyvənd kimi profilaktik tədbirlərlə xəstəliyi əngəlləmək mümkündür. Gecikmədən tədbir görmək üçün yara və ya dişləmə yeri vaxt itirmədən bol su və sabunla yaxşıca yuyulmalıdır. Yaxınlıqda xəstə, qəribə davranan və ya ölmüş heyvanlar görülərsə, onlara yaxınlaşmamalı və aidiyyəti yerlərə məlumat verilməlidir.
Mənbə:TRT Haber