Erməni hiyləsi:“Bölgəyə ABŞ və Fransa kontingentinin gəlməsini...”

"Ermənistan narazılığını ifadə edə bilər. Amma sülhməramlılardan imtina etmək istəmirlər". 
Bunu "Sherg.az"a "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı Ermənistanın Rusiya sülhməramlılarının fəaliyyətindən narazı qalmasına münasibət bildirərkən deyib. 
Baş yazarın sözlərinə görə, ermənilər orada rusların əvəzinə fransızlar, yaxud bir başqalarını görmək istəyirlər:

"Torpaq bizimdir, kimi istəsək, orada saxlaya bilərik. Ermənilər baba və nəvələrinin də Qarabağda olmağını arzulayırlar. Amma icazə vermirik. Hazırda Azərbaycan da rus sülhməramlıların fəaliyyətindən narazıdır".

Politoloq Tofiq Abbasov vurğulayıb ki, Ermənistanda spiker Alen Simonyanın özü olmaq şərtilə qərbpərəst qüvvələrin fəallaşması müşahidə olunur:

"Nensi Pelosinin gəlib-getməyi, dövlət departamentinin reaksiyaları, Fransa parlamenti Makronun "vay-şivən" salması bu proseslərə daxildir. Bir qayda olaraq, qərbpərəst qüvvələr bildirir ki, guya Rusiya sülhməramlıları Azərbaycanın xeyrinə işləyirlər. Erməni xalqının və Qarabağda yaşayan ermənilərin haqlarına qorumurlar. Bunlar əlbəttə ki, sabun köpüyü kimi partlayan "uydurmalardır". Heç bir həqiqətə, məntiqə sığmır.  

Ermənistan bölgəyə ya Amerika, ya Fransanın, ya da hər ikisinin birlikdə sülhməramlı kontingentinin gəlməsini istəyir. Amma orada qətiyyən sülhməramlı qüvvəyə lüzum yoxdur. 

Çünki proseslər Azərbaycanın nəzarətindədir. Bilirik ki, son vaxtlar Sərsəng su anbarının fəaliyyəti kimi məsələlərlə bağlı artıq ermənilərlə təmas olub. Bu, vasitəçilər olmadan belə insanların bir-birilə ünsiyyət yaratmağa çalışdığından xəbər verir. Məlum ünsiyyət də dialoqun bir formasıdır. Digər tərəfdən isə xalq diplomatiyasının zəfəridir. Bunu görən moderatorlar guya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsində özlərinin yerlərini möhkəmləndirməyə səy göstərirlər. 

Amma əslində məqsəd öz maraqlarını təmin etməkdir. İndi Rusiyanın hərbi (sülhməramlı) kontingentinin fəaliyyətinin sadəcə pozuculuqdan ibarət olduğunu görürük. Yolu bağlayıblar, süni gərginlik yaradırlar. 

Bu, Volkov və onun sahibi Ruben Vardanyana sərf edir. Artıq ikisinin iş birliyi etdiyi bəllidir. “Qara” biznesə şərait yaradan məhz rusların hərbi kontingentidir. Oradan xeyirləri var, maddi maraq güdürlər. Bu səbəbdən sülh prosesinin birdəfəlik həllini və ermənilərlə aramızda təmasın olmamasını istəyirlər”. 

T.Abbasov qeyd edib ki, Volkov və Vardanyanın xaricdə gərginliyin durmadan artdığını göstərmək məqsədləri var:

“Amma bu proseslərin davamı yoxdur. Ruslar məlum qüvvəni sülhməramlı kimi təlqin edirlər. Lakin əslində bu, hərbi kontingentdir. 

Onların mandatı yoxdur. 2025-ci ilə qədər Qarabağı tərk edə bilərlər. Yol açılsa və Azərbaycanın ekofəalları, jurnalistləri həmin ərazilərə daxil olsalar, təhlükəli heç nə baş verməyəcək. Əksinə, təmas olacaq. Bəlkə də, biri-birləri ilə salamlaşacaq, hətta söhbət də edəcəklər. Sadəcə kənardan gətirilmiş işbazlar Ruben Vardanyanın “kölgə” biznesini genişləndirir. 

Qazanc əldə etmək üçün Azərbaycanın dəmir, qızıl, mis, filizini orada çıxarırlar. Bu xidmətlərinə nə ermənilər, nə də azərbaycanlıların ehtiyacı var. Nəhayət onun əsas qayəsi Qarabağda guya səliqə-səhman yaratmaq, Paşinyanın yerinə keçməkdir. R.Vardanyan istər Ermənistan, istərsə də Azərbaycan üçün yad ünsürdür".

Qeyd edək ki, Ermənistan Rusiya sülhməramlılarının fəaliyyətindən narazıdır. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Şuşa-Xankəndi yolundakı aksiya ilə əlaqədar yaranan vəziyyətlə bağlı danışarkən deyib. Həmçinin ola bilsin ki, gələcəkdə Rusiyanın sülhməramlı missiyasına alternativ olaraq, Qarabağın təhlükəsizliyinin təmin edilməsi üçün başqa variantları nəzərdən keçirmək lazım gələcəyini bildirib.