Tələbələrin əksəriyyəti hüquqşünas, müəllim, həkim kimi məzun olur
“Bu sahələrə tələbat olmadığı üçün bir sıra peşələr üzrə kadr çatışmazlığı yaranır, gənclər arasında işsizlik artmış olur”
Elm və təhsil naziri Emin Əmrullayev hesab edir ki, tələbələrimizin iş tapmağı qaranlıq otaqda qara pişik axtarmağa bənzəyir. Onun sözlərinə görə, özəl və dövlət sektoru ilə tələbə təcrübə proqramlarının dəfələrlə artırılmasına ehtiyac var.
Nazir deyib ki, əmək bazarı ilə bağlı şəxsi mülahizələrə deyil, elmi əsaslara söykənən araşdırmalara ehtiyac var: “Özəl və dövlət sektorunda işə götürənlərlə ali təhsil müəssisələri arasında tələbə-təcrübə proqramlarının sayını dəfələrlə artırmağa ehtiyac var. İşəgötürənlər karyera mərkəzi ilə yaxın işləsələr, biz də nazirlik olaraq hər bir şəraiti yarada bilərik”.
Əmək münasibətləri üzrə ekspert Anar Bayramovun “Şərq”ə açıqlamasına görə, orta məktəbi bitirən şagirdlərin əksəriyyəti üçün əsas məqsəd univerisitetə qəbul olmaqdır. Bu zaman ixtisas və peşə seçiminə o qədər də əhəmiyyət verilmir. Əksər hallarda valideynlər də bu cür düşünürlər. Halbuki əsas məqsəd düzgün ixtisas seçimi olmalıdır. Gənclər elə ixtisas seçməlidirlər ki, gələcəkdə həmin sahədə özlərinə münasib iş tapa bilsinlər:
“Əmək bazarının tələblərinə uyğun kadr hazırlanmalıdır. Əmək bazarında çox ciddi problemlər var. Tələbələrin əksəriyyəti hüquqşünas, müəllim, həkim kimi məzun olur. Bu sahələrə tələbat olmadığı üçün bir sıra peşələr üzrə kadr çatışmazlığı yaranır, gənclər arasında işsizlik artmış olur. Ölkə üçün əhəmiyyət kəsb edən kənd təsərrüfatı, yüksək texnologiyalar və s. kimi ixtisaslara maraq çox zəifdir. Ölkəmizdə tələb olunan peşələrə xaricdən işçi qüvvəsi gətirməyə məcbur oluruq. Nəticədə ali təhsilli məzunlarımız işsiz qalır. Problemin həlli yollarına gəlincə, ali təhsilin formalaşmasında və ixtisasların təyin olunmasında ölkənin sosial-iqtisadi inkişafının meyilləri, o cümlədən sahibkarlıq subyektlərinin tələbləri nəzərə alınmalıdır. Yəni bu gün sahibkarlar hansı kadra, ixtisasa ehtiyac duyursa və ya hansı peşələr vacibdirsə, onlar öyrənilməlidir. Ali təhsil müəssisələri ilə iş adamları arasında qarşılıqlı əlaqə olmalı, təcrübə mübadiləsi aparılmalıdır. Əmək bazarında tələbə uyğun olaraq təklif verilməli və ixtisaslı kadr yetişdirilməlidir. Azərbaycandakı şirkətlərdə kifayət qədər vakansiyalar var ki, işə götürənlər aylarla, illərlə bu işlərə kadr tapa bilmirlər. Ali məktəb seçimi də ən azı ixtisas seçimi qədər əhəmiyyətlidir. Müəssisə və şirkətlər işçi seçərkən daha yaxşı təhsil verən, tələbələrinə seçdikləri ixtisası daha yaxşı öyrədən universitetlərə üstünlük verirlər”.
Ekspert hesab edir ki, dövlət universitetlərində bazarda tələb edilməyən bəzi ixtisaslara məhdudiyyət qoyulmalı, ya da universitetlər özləri Təhsil Nazirliyinə bazarın tələblərinə uyğun plan yerləri təqdim etməlidirlər: “Universitetlərin əksəriyyəti təhsil deyil, yalnız diplom verir. Halbuki özəl sektor inkişaf etdikcə, ölkəmizdə diplomlu insanlara yox, mütəxəssislərə ehtiyac olacaq. Bu zaman insanlar diplom xatirinə oxumayacaq, bazarın tələb etdiyi hansısa sənətin, peşənin arxasınca gedəcək”.
A.Bayramov deyib ki, iş tapmaqda vacib olan daha bir amil kadrların öz ixtisaslarını yaxşı bilmələri ilə bağlıdır. Tələbələr universitetlərdə oxuduqları zaman öz ixtisaslarını dərindən öyrənməli, müasir dərsliklərdən, yeni ədəbiyyatlardan istifadə etməlidirlər:
“Digər mühüm məsələ isə kompüter texnologiyaları ilə bağlıdır. Bildiyimiz kimi, bu gün əksər müəssisə və şirkətlərdə kompüter texnologiyalarından istifadə olunur. Ona görə də kompüter proqramlarını və internetdən istifadəni ən aşağı səviyyədə olsa belə, bilmək lazımdır. Çünki kompüterdən istifadəni bilmədən iş tapmaq çox çətindir. Bundan əlavə, xarici dil bilmək hər bir məzun üçün əlavə üstünlük hesab olunur.
Hazırkı təhsil sistemi isə praktik vərdişləri olan məzun yetişdirə bilmir. Bu da həmin məzunların əmək bazarına daxil olmasında problemlər yaradır. İşəgötürən istəyir ki, qəbul elədiyi adam işə peşəkar səviyyədə başlasın.
Amma bizim təhsil sistemimiz hələ belə kadr yetişdirə, mütəxəssis hazırlaya bilmir. Bəzən işə qəbulla bağlı müxtəlif qurumlarda keçirilən imtahanlar da qeyri-obyektiv nəticələrə görə gənclərdə ümidsizlik yaradır. Gənclər ən yaxşı halda tanışlıq və tapşırıq vasitəsilə arzuladıqları şirkətlərdə, rəsmi qurumlarda işə düzəlmənin yollarını axtarırlar. Halbuki böyük şirkətlər öz sahələri üzrə peşəkar kadra sahib olmaq üçün həmin ixtisas üzrə universitetlərin son kurslarında oxuyan tələbələr arasında seçim etməli, müsahibə keçirməli və onları işə götürməlidir. Çünki Azərbaycanda bu təcrübədən xarici şirkətlər daha çox istifadə edirlər.
Onlar öz işçilərini həm də bu yolla seçirlər. Yerli şirkətlər, nazirliklər də bu vasitə ilə uğurlu məzunları öz yanlarına cəlb edə bilərlər”.