“Məsələn, Fransa silahları Ermənistana tranzit ölkə olaraq, Gürcüstandan göndərmək istəyir”
“Azərbaycan çalışmalıdır ki, rəsmi Tiflis buna imkan verməsin”
"Azərbaycan və Gürcüstan arasında qonşuluq prinsipi, siyasi tərəfdaşlıq, iqtisadi əlaqələr hər iki ölkənin diqqət etdiyi prioritetlərdəndir".
Bunu "Sherg.az"a analitik Əhəd Məmmədli Azərbaycan və Gürcüstan Müdafiə nazirlərinin görüşünü şərh edərkən deyib. Onun sözlərinə görə, müdafiə nazirlərinin Türkiyədəki görüşü ölkəmizin Ermənistan üzərində qələbəsi, Azərbaycan-Türkiyə siyasi hərbi blokunun güclənməsi, qardaş dövlətin Cənubi Qafqaza daxil olmasından xəbər verir:
"Artıq Gürcüstan da regionda güclərin dəyişməsi reallığını hiss edir. Rəsmi Tiflis rəsmi Bakı və rəsmi Ankaraya yaxın olmaq istəyir. Həmçinin Türkiyə və Azərbaycanın da maraqlarına cavab verir.
Çünki Gürcüstan tranzit ölkəsidir, neft boruları oradan keçir. Digər dövlətlər bizə qarşı rəsmi Tiflisdən istifadə etməyə çalışacaq. Məsələn, Fransa silahları Ermənistana tranzit ölkə olaraq, Gürcüstandan göndərmək istəyir.
Azərbaycan çalışmalıdır ki, rəsmi Tiflis buna imkan verməsin. Yəni İkinci Qarabağ müharibəsində olduğu kimi indi də Gürcüstanı öz tərəfimizdə saxlamağa nail olmalıyıq.
Görünür ki, Türkiyədəki məlum görüş adıçəkilən ölkələrin hərbi cəhətdən əlaqələrinin gücləndirilməsi və birgə addımlamasını nəzərdə tutur".
Qeyd edək ki, dekabrın 21-də Azərbaycan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov gürcüstanlı həmkarı ilə Türkiyədə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.