Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.
Görüş zamanı Qərbi Azərbaycan İcmasının qarşısında duran vəzifələrdən danışan ölkə başçısı deyib ki, Qərbi Azərbaycan icmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi hamımız üçün - həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün çox önəmlidir:
"Qərbi azərbaycanlılarım qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar".
Gələcək fəaliyyətlə bağlı fikirlərini bölüşən Prezident deyib ki, Qərbi Azərbaycan İcması həm öz imkanları daxilində, həm də Azərbaycan dövlətinin dəstəyi ilə bu işlərə böyük yer verməlidir.
Görüşü müsbət dəyərləndirən Ana Vətən Partiyası sədrinin Humanitar və kommunikasiya məsələlər üzrə müşaviri Günay Ağamalı Sherg.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasının açılışında iştirak etməklə növbəti dəfə öz ənənəsinə sadiqliyini nümayiş etdirib: "Erməni faşistləri üzərində 44 günlük Qələbəmiz nəinki 30 il işğala məruz qalan Qarabağ və Şərqi Zəngəzuru azad etdi, eyni zamanda bu zəfər vətənimizin bütövləşməsi prosesinin başlanğıcını qoydu. Görüşdə açıq və inamlı şəkildə Qərbi Azərbaycanı tarixi torpaqlarımızın bir hissəsi kimi dəyərləndirən cənab prezident, ora qayıtmağımızın da qaçılmaz və zəruri olduğunu təkzibolunmaz arqumentlərlə bir daha əsaslandırdı".
G. Ağamalının fikrincə biz Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızla bağlı məsələləri beynəlxalq tədbirlərdə qaldırmalıyıq. Qarabağla bağlı danışıqlarda bunu da önə çəkməliyik:
"Öz daxili qanunvericiliyimizdə də Ermənistan azərbaycanlılarının statusunun müəyyən edilməsi, xüsüsilə 1948-53-cü illərdə deportasiya olunmuş insanlara repressiya qurbanları statusunun verilməsi və s. hüquqi əsasları yaratmalıyıq. Ən əsası isə gələcək nəsilləri ata-baba yurdumuza dönüş üçün indidən pisxoloji cəhətdən hazırlamalıyıq. Vətənə dönmək heç vaxt gec deyil. Düşünürəm ki, Azərbaycanla Ermənistan arasında diplomatik əlaqələrin bərpa olunması, böyük sülhün imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası özündə Ermənistan tərəfindən 1988-89-cu illərdə dədə-baba torpaqlarından qovulmuş etnik azərbaycanlıların öz yurduna dönməsi məsələsini ehtiva etməlidir. Bu müddəa olmayacaqsa, bağlanacaq böyük sülh müqaviləsinin natamam olacağı qənaətinə gələ bilərik. Cənab Prezidentin qərbi Azərbaycandan olan ziyalılarla görüşdə toxunduğu
Qərbi Azərbaycana qayıdış konsepsiyasını da ürəkdən alqışlayıram. Hesab edirəm ki, təşkilatın görəcəyi işlərdən bir də Qərbi Azərbaycana dönmək, orada məskunlaşmaq, gediş-gəlişi təmin etmək olmalıdır. Bunlar heç şübhəsiz həm dövlətimizin, həm də cəmiyyətimizin diqqətində olan məsələlərdir. Mərhələ-mərhələ həyata keçirilməlidir".
Partiya funksionerinin sözlərinə görə, Azərbaycanlıların Ermənistandan deportasiyasının təqribən yüz ildən böyük bir tarixi var: "1905-1907-ci illərdə, 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə və 1988-ci ildə ata-baba torpaqlarımızdan ən azı iki milyondan artıq insan deportasiya olunub. SSRİ-nin mövcüd olduğu 70-il ərzində də zaman-zaman Qərbi Azərbaycandan olan soydaşlarımız güclü deportasiyaya məruz qalıblar".