Tarixi qələbəmiz həmrəyliyimizin, xalq-iqtidar birliyinin bariz nümunəsidir
Azərbaycançılıq ideyasının təbliği Həmrəylik istənilən xalqın taleyində əhəmiyyətli rol oynayır. Yaxın-uzaq tarix də sübut edir ki, milli birliyə və həmrəyliyə nail olmadan müstəqil yaşamaq imkanı azalır, xalqın gələcək inkişafı sual altına düşür. Məhz buna görədir ki, hər bir xalq həmrəylik ideyasına böyük əhəmiyyət verir və milli mənlik şüurunun formalaşmasında əvəzsiz rol oynayan həmrəyliyə can atır.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın hər bir nöqtəsində yaşayan azərbaycanlıların milli birliyini, həmrəyliyini simvolizə edən, eyni zamanda bu birliyi möhkəmləndirən əlamətdar tarixdir.
Ümumiyyətlə, həmrəylik ictimai ahəngdarlığı və milli özünüdərki təmin edən, milli-etnik platformada milli yaddaşı bərpa edən, milli birliyi səfərbər edən, məqsədyönlü fəaliyyəti stimullaşdıran vasitədir. Bir millətin, xalqın varlığını sürdürə bilməsi, dünya xalqları içərisində özünə layiqli yer tutması üçün milli birlik və həmrəylik həyati önəm daşıyır. Dünya Azərbaycanlılarının Həmrəyliyi bütün dünyada yaşayan azərbaycanlıların səfərbər edilməsi, konkret məqsəd ətrafında birləşdirilməsi deməkdir.
Müstəqil Azərbaycan Respublikasının yaradılması və öz mövcudluğunu qoruyub saxlaması geniş mənada, milli birliyin Azərbaycan xalqının ictimai, siyasi və mənəvi tələbatına çevrilməsi deməkdir. Milli birlik və həmrəylik şəraitində cəmiyyətdə sabitlik mövcud olur, yüksək mənəvi dəyərlər ictimai qanunauyğunluqların əsas bazasına çevrilir və bu, belə bir harmonik mühitdə dövlətin siyasi, iqtisadi və digər sistemlərinin rahat inkişafına, beləliklə də, ümumi rifahın təmin olunmasına gətirib çıxarır.
Qeyd edək ki, Həmrəylik gününün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (SSRİ – İran sərhəddinin) dağıdılması ilə qoyulub. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüyüşü - Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazandı və artıq bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.
Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi.
Son illərdə azərbaycançılıq ideologiyası müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilib. Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir.
Ulu Öndər Heydər Əliyevin milli həmrəylik və azərbaycançılıq amalının şüurlarımızda möhkəm yer tutmasına yönəlmiş uzaqgörən siyasətini bu gün inamla davam etdirən, milli həmrəylik və diaspor fəaliyyətini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi fəaliyyət ardıcıl və sistemli səciyyə daşıyır. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlətimizin başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir, hər zaman ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında birləşməsinə böyük töhfələr verir.
Məhz bu siyasətin məntiqi nəticəsi olaraq Prezident İlham Əliyev daim 50 milyonluq dünya azərbaycanlılarının dəstəyini alıb, onların alternativsiz namizədi və lideri olub. Bu fəaliyyətin ən ümdə cəhətləri xaricdəki azərbaycanlıların ana vətənimizin maraqları ətrafında daha sıx səfərbər olmaları və ən əsası, Azərbaycan həqiqətlərinin dünyada getdikcə yaxından eşidilməsidir.
Millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib. Tariximizə qızıl hərflərlə yazılan İkinci Qarabağ müharibəsində qazandığımız Zəfər həmrəyliyimizin, xalq-iqtidar birliyinin bir yumruq ətrafında birləşməyinin bariz nümunəsidir:
“44 günlük Vətən müharibəsi müddətində xalqımız bir daha öz rəhbərinin müdrikliyinə və siyasi iradəsinə şahidlik etdi. Həmin günlərdə İlham Əliyevin yenilməz qətiyyəti bütün cəmiyyətimizi qələbəyə kökləndirdi. Məhz Azərbaycan Prezidentinin ortaya qoyduğu nümunə xalqımızı bu müqəddəs savaşda zəfərə apardı. Əsas məsələlərdən biri də odur ki, bu müharibədə cəmiyyət Prezident İlham Əliyevin ətrafında sıx səfərbər oldu. Bu, həm milli həmrəyliyimizin, həm də xalqımızın öz rəhbərinə olan yüksək ehtiram və inamının təcəssümü idi. Dövlətimizin başçısının əzmkarlığı, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi qətiyyət hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi. Siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən və dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı 44 günlük müharibədə milli həmrəylik nümayiş etdirdi”. Deputat deyib ki, azərbaycançılıq ideologiyası ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Bu ideologiyanın kökündə Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır: “Bu, imperiyaya qarşı müqavimət göstərməklə formalaşan, möhkəmlənən bir istiqlal ideologiyasıdır. Azərbaycanın suverenliyi milli prinsipə əsaslanır. Ona görə ki, bu prinsip dövlətlərə və xalqlara yeni ictimai təfəkkür koordinatları diktə edir. Müstəqil Azərbaycanın vətəndaşı olmayan 40 milyon azərbaycanlı soydaşımızın, güneyli qardaşımızın azərbaycançılıq ideologiyasına əsaslanmaları onların birliyini şərtləndirəcək. Azərbaycançılıqda bir neçə şərtlər var. Bunlar maarifçilik yolu ilə inandırmaq, tarixi əsaslandırma, təşkilatlandırma, istiqamətləndirmə və yenilərin yaranmasıdır. Vətənçilik təməli üzərində bərqərar olan azərbaycançılığın tarixi qayəsi məhz öz ərazi bütövlüyünü və xalqın bütövlüyünü qorumaqdır. Azərbaycançılıq vahidliyi təbliğ edir, onu istiqamətləndirir. Bu ideologiya özündə demokratiyanın bütün tələblərini daşıyır. Güneyli-quzeyli azərbaycanlılar Azərbaycan dilini sevir, bu dili qoruyur, bu dildə danışır, bu dili bütövlüyümüzün əsas atributlarından biri olaraq qəbul edir. Azərbaycançılıq ideologiyasının təməl prinsiplərindən biri də budur. Xalqı yaşadan öz ana dilini qorumağıdır. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu ideologiyanın təməlində Azərbaycan dili dayanır, eyni zamanda bütün millətlərin dilinə hörmət dayanır. Azərbaycan dilini bilmədən azərbaycançı olmaq mümkün deyil, həmçinin öz milli mənsubiyyətini, milli dilini də bilmədən azərbaycançı olmaq mümkün deyil. Azərbaycançılıq ideologiyası həmrəyliyin əsas prinsiplərindən biri olaraq ünsiyyət birliyini nəzərdə tutur. Bu birlik isə yalnız ana dili, Azərbaycan dili vasitəsilə reallaşa bilər”.