Azərbaycanda korrupsiyaya qarşı mübarizə prioritet istiqamətlərdəndir. Çünki korrupsiya ölkə idarəçiliyinə zərər vuran, mənfi təzahürlərə yol açan sosial bəladır.
Bu bəlaya qarşı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi dekabrın 26-da Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsində xüsusi əməliyyat keçirib.
Əməliyyatlar idarənin rəisi Zaur Adilov və Audit şöbəsinin rəisi Əjdər Əliyev saxlanılıblar. Həmçinin idarədə məsələ ilə bağlı digər şəxslər dindirilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, qeyd olunan faktla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, 8 saylı Ərazi Vergilər İdarəsi Beyləqan şəhərində yerləşir və bir neçə rayonu əhatə edir.
Gerçəkləşən xüsusi əməliyyatı "Sherg.az"a dəyərləndirən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, istənilən rüşvətxor, korrupsiyoner və ya səhlənkar məmurun cəzalandırılması müsbət hadisədir:
"Az müddət olsa da, müsbət effektin olduğunu demək olar. Uzun müddətdir, belə xüsusi əməliyyatlar baş tutur.
Lakin yenə də eyni əməllər təkrarlanır. Mədəniyyət nazirinin müavini həbs olundu, bir il keçməmişdi ki, vəzifəyə yeni təyin edilən şəxs də həbs cəzasına layiq görüldü.
Nəticələri ortaya çıxaran səbəblər aradan qaldırılmalıdır. İdarəçilik sistemi dəyişdirilməlidir.
Kim hazırkı statuslara təyin edilsə, sələflərinin yolunu davam etdirir. İdarəçilikdə ictimai nəzarəti artırmaq lazımdır.
Yəni müxalifətin proseslərdə iştirakı təmin olunmalıdır. Bəlkə, nəticədə dövlət strukturlarında korrupsiya, yeyinti, özbaşnalıq azalar".