Zahid Oruc Luka Miraqlia ilə görüşüb - FOTO

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc İtaliyanın Avropa Evi – Ambrosetti Mərkəzinin baş icraçı direktoru Luka Miraqlia ilə görüşüb. 
"Sherg.az" xəbər verir ki, geniş beynəlxalq əlaqələrə və nüfuza malik beyin mərkəzinin rəhbəri Luka Miraqlia  "Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda iştirak edib. 
L.Miraqlia tədbirdə iştirakını məmnunluq hissi ilə xatırlayaraq,təkcə Cənubi Qafqazda deyil, bütövlükdə dünyada böyük dəyişikliklərin və yeni təhlükəsizlik sisteminin bəlirləyicisi kimi qəbul edilən ikinci Qarabağ müharibəsindən sonra baş verən regional və qlobal hadisələrə diqqət çəkib. Natiq ölkə başçısının Çernobbio İqtisadi Forumunda iştirakının ikitərəfli münasibətlərə töhfəsindən danışıb. Enerji sahəsində Azərbaycanın artan rolunun təkcə İtaliya üçün deyil, bütövlükdə Avropa qitəsində oynadığı əvəzsiz rolu xüsusi vurğulayıb.

Luka Miraqlia eyni zamanda, ikinci Qarabağ müharibəsində qələbədən sonra yeni regional iqtisadi-siyasi arxitekturanın müəyyələşməsində və qalıcı geosiyasi düzənin formalaşmasında Azərbaycanın liderlik rolundan bəhs edib.

L.Miraqlia ölkəmizin artan çəkisinin Orta Dəhliz strategiyasının gerçəkləşməsində həlledici söz sahibinə çevrildiyinin inkaredilməz olduğunu söyləyib.

Zahid Oruc öz növbəsində, italiyalı həmkarına rəhbərlik etdiyi Mərkəzin həyata keçirdiyi mühüm işlərdən söz açıb. Həmçinin beynəlxalq əlaqələrin qurulmasının vacibliyini, xüsusilə Vətən müharibəsində parlaq Qələbədən sonra tədqiqat əsaslı idarəçiliyin və Data əsaslı qərarqəbuletmənin ölkəmizdə geniş yayıldığını bildirib. Eyni zamanda müsbət beynəlxalq təcrübələri öyrənmək üçün analitik institutların qarşısında mühüm tələblər və çağırışlar durduğunu məmnuniyyət hissi ilə qeyd edib.

Birgə layihələrin həyata keçirilməsi və əməkdaşlıq platformlarının yaradılması üçün razılıq ifadə edilib. Qarşılıqlı səfərlər, birgə təlimlərə dair anlaşma əldə olunub.

Qeyd edək ki, sözügedən konfrans ötən ilin noyabrında Bakıda, Azərbaycan Diplomatik Akademiyasında prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilib və artıq ənənəyə çevrilib. Konfrans dünyanın tanınmış analitik institutları tərəfindən maraqla izlənilir.