Ermənistan NATO-ya meyillənir?- “KTMT-dən narazıdır, yəqin..."

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina bu həftə Azərbaycana və Ermənistana səfər edəcək.
Bu barədə Şimali Atlantika Alyansının Brüsseldəki qərargahından məlumat verilib.
Məlumata görə, səfər iki ölkənin rəsmiləri ilə sistematik siyasi məsləhətləşmələrin bir hissəsidir.  Xüsusi nümayəndə regionda təhlükəsizlik sahəsində baş verən hadisələr və NATO-nun bu ölkələrlə tərəfdaşlığı haqda yüksək vəzifəli rəsmilərlə fikir mübadiləsi aparacaq.
Səfərin dəqiq tarixi isə açıqlanmayıb.

Səfərin kodlarını "Sherg.az"a açan politoloq Elxan Şahinoğlu bildirib ki, NATO ilə Azərbaycanın əməkdaşlığı uzun müddətdir davam edir:

"Azərbaycanın NATO-ya üzvlük hədəfi yoxdur. Lakin Azərbaycan öz ordusunu NATO standartlarına əsasən yüksəltməyə çalışır. Türkiyə ilə hərbi, strateji ittifaq da bundan xəbər verir.  İl yeni başlayıb, yəqin birlikdə gerçəkləşdiriləcək layihələrdən söz açılacaq.

Beynəlxalq təşkilatların nümayəndələri bölgəyə səfər edəndə balansı qorumağa səy göstərirlər. Həm Ermənistana, həm də Azərbaycana səfərə yollanırlar. Ermənistan Azərbaycan səviyyəsində olmasa da, NATO ilə əməkdaşlığa malikdir. Görək, Ermənistan NATO ilə hansı proqramlarda iştirak etmək istəyir? 

Ermənistan  Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi NATO ilə məsafə saxlayırdı. İndi həmin təşkilatdan  narazıdır. İrəvanda birgə layihələrin reallaşması istiqamətində müzakirələr aparılması da gözləniləndir".