Vaxtı çatıb! -  “İcra orqanlarının bəzi səlahiyyətləri bələdiyyələrə verilə bilər”

"Naxçıvan Muxtar Respublikasına yeni təsis edilən xüsusi nümayəndəlik sistemi və dərhal da təyin edilən nümayəndə hər bir ölkə vətəndaşında ölkəmizdə regional idarəetməyə keçidin sürətləndiyi təəssüratını yaratmış oldu. Bundan əvvəl isə sistem mənfur erməni işğalından azad edilmiş ərazilərdə yaradılmışdı. Nəzərə alaq ki, az müddət ərzində Qarabağ, Şərqi Zəngəzur və Şuşada yaradılan üç təsisat şəffaf fəaliyyəti ilə özünü doğrultmuş oldu. Belə bir təsisatın digər regionlarda da yaradılacağı gözlənilən idi".

Bunu "Sherg.az"a açıqlamasında “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli deyib.
V.Tofiqli bildirib ki, hazırda yerli icra strukturlarında çalışanların əsas vəzifəsi konkret olaraq vətəndaş qəbulları keçirməklə vaxt qazanmaq və bələdiyyələri öz təsir dairəsində saxlamağa çalışmaqdır:

"Regional idarəetməyə keçid yerli icra hakimiyyəti orqanlarının yerli problemlərin həlli barəsində təsərrüfat fəaliyyətli bəzi funksiya və səlahiyyətlərinin də bələdiyyələrə verilmə ehtimalını artırıb. Dünya idarəetmə sistemində yerli idarəetmənin məhz bələdiyyələrə verilməsiylə dövlətin üzərinə düşən məsuliyyət yükünü azaldır. Ölkə paytaxtlarının və iri mərkəz şəhərlərinin idarəetməsinin məhz seçkili orqana verilməsinin zəngin dünya təcrübəsi var. Həmin təcrübədən bizim də yararlanmağımızın vaxtı çatıb. 

Regional idarəetməyə keçidlə bağlı bələdiyyələrə əlavə səlahiyyətin və ya hər hansı imtiyazın verilməsinə bələdiyyələrin hazır olması üçün ilk növbədə bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına çalışmalıdırlar. 

Bununla yanaşı bu istiqamətdə bələdiyyədən aldığımız maliyyə istiqamətlərini özlərinə qaytarmalıyıq. 

Reklamla, avtodayanacaqla, avtomobillər üzrə əmlak vergisini bələdiyyələrə qaytarmalı, üstəlik əlavə maliyyə üzrə səlahiyyətin verilməsi üçün irəli sürülən təklifləri müzakirəyə çıxarmaq lazımdır. Misal olaraq hüquq şəxslərin torpaq vergisini yerli büdcəyə ödənilməsində niyə problem olmalıdır?

Assosiasiyaların və bələdiyyələrin birləşdirilməsindən başlamış bələdiyyələrdə uçot sisteminin təmin edilməsinədək olan məsələlərin həllində hər kəs və hər bir qurum, xüsusən də mərkəzi icra orqanları öz sözünü deməli və töhfəsini verməlidir. Nəticədə regional idarəetməyə keçid prosesində bələdiyyələrin də üzərinə düşən məsuliyyət yükünü bir növ təmin etmiş olacağıq".