Tehrandakı terror təsadüfi ola bilməz

İranın Azərbaycana qeyri-sağlam münasibətini illərdir müşahidə edirik
 

  Azərbaycanın İrandakı səfirliyində törədilən xain terror hücumundan sonra Bakının cavabı və iki ölkə arasında münasibətlərin necə olacağı sual doğurur. İndi hər kəsi düşündürən əsas məqamlar iki ölkə arasında diplomatik təmasların taleyi, Tehranın mövqeyi və rəsmi Bakının hansı addımları atacağıdır.
  Qeyd edək ki, səfirlikdə baş vermiş terror aktı diplomatik əlaqələr haqqında Vyana konvensiyasına ziddir və hadisəyə görə məsuliyyəti birbaşa İran daşıyır. 

  Azərbaycan Tehrandakı səfirliyimizə edilən terror hücumu ilə əlaqədar İrana ən sərt reaksiyanı verdi. Belə ki, verilən qərar ilə bu ölkədəki səfirliyimiz diplomatik fəaliyyətini tamamilə dayandırıb. Bunu yanvarın 29-da Heydər Əliyev Hava Limanında jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov da təsdiqləyib.  Bu, iki ölkə münasibətləri tarixində verilən ən sərt qərardır.
  Səfirliyin inzibati binasının və səfirlik əmlakının qorunması ilə bağlı orada 5 nəfər "müəyyən əməkdaşlar" qalacaqlar. Amma onlar diplomatik fəaliyyət aparmayacaqlar.  X.Xələfov jurnalistlərə bu qərarın Azərbaycanın Təbrizdəki Baş konsulluğunun fəaliyyətinə "şamil olunmadığını" qeyd edib. 

 O deyib ki, İranda olan Azərbaycan vətəndaşlarının diplomatik missiya xəttiylə yardıma ehtiyacı yaranarsa, Azərbaycanın Təbrizdəki Baş konsulluğuna müraciət edə bilərlər.

  Nazir müavininin sözlərinə görə, hər hansı bir ölkədə diplomatik nümayəndəliyin fəaliyyətini dayandırması "çox ciddi məsələdir. Biz İran tərəfinin nəzərinə çatdırmışıq ki, səfirliyimizin əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsində İrana etibarımız yoxdur.

  Nazir müavini həmçinin  İranın ölkəmizdəki səfirliyinin fəaliyyətini davam etdirib-etdirməyəcəyinə aydınlıq gəlib. O deyib ki, beynəlxalq münasibətlərdə hər bir ölkə öz davranışına görə qiymətləndirilir:

"Biz Azərbaycanda diplomatik missiyaların qorunması və təhlükəsizlik məsələsində nümunəvi dövlətlərdən biriyik. Bundan sonra da Azərbaycana münasibətdə baş verən təhdidlərə baxmayaraq, Azərbaycan qəbul etdiyi diplomatik missiyaların təhlükəsizliyini təmin etməyə davam edəcək. Səfirliyin bizim ölkəmizdə fəaliyyətini dayandırması barədə hər hansı məlumat verilməyib".

  Politoloqlar isə hesab edir ki, sözügedən terror aktı qırmızı xəttin keçilməsidir. Bu, birmənalı şəkildə onu göstərir ki, Tehran Azərbaycanla münasibətlərin stabil vəziyyətdə olmasında maraqlı deyil.

  Millət vəkili Elşad Mirbəşir  isə “Şərq”ə açıqlamasında  deyib ki, İran hər zaman Azərbaycana münasibətdə qeyri-obyektiv və  qeyri-sağlam mövqedə çıxış edib: 

“Biz bu münasibəti illərdir müşahidə edirik.  İranın bizə qarşı olan istənilən addımı iki ölkə arasındakı münasibətlərdə gərginlik elementləri formalaşdırıb. Bu artıq bir tendensiyadır. Ermənistan Azərbaycan torpaqlarını işğal edəndə, 30 il boyunca işğal altında saxlayanda, İran  bu təcavüzə münasibətdə olduqca passiv bir mövqe nümayiş etdirdi. İranın torpaqlarımızın işğalına illərlə seyrci mövqedə dayanması isə etiraf etməsə belə açıq-aşkar Ermənistanın maraqlarına xidmət edirdi. 44 günlük Vətən müharibəsində belə İran Azərbaycanın haqlı mövqeyini dəstəkləmədi. Əksinə, bizim torpaqlarımızı işğaldan azad etməyimiz İranda çox ciddi  narahatlıq yaratdı. 

Bu isə heç cür başadüşülən deyildi. Halbuki ölkə başçısı İlham Əliyev İran-Azərbaycan sərhədini dostluq sərhədi, Xudafərin körpüsünü dostluq körpüsü adlandırmışdı. Bizim dövlət hər zaman  qonşu ölkələrlə əməkdaşlığın  inkişafında maraqlı olub. Prezident dəfələrlə  regionda yeni əməkdaşlıq platforması təşəbbüsləri ilə çıxış edib.  Bütün bunlara rəğmən molla rejimi “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir"prinsipindən çıxış etdi. 

Müharibədən dərhal sonra işğaldan azad olunan  rayonlarımızla sərhəd ərazilərdə hərbi təlimlər keçirdilər. Bütün  bunlar fonunda iki dövlət arasındakı münasibətlərdə  ciddi  gərginlik vardı. İrandakı səfirliyimizə edilən xain  hücumdan sonra isə bu münasibətlərdə qırılma nöqtəsi yaşandı. İran Azərbaycan səfirliyinin təhlükəsizliyini tələb olunan səviyyədə  təmin edə bilmədi. Səfirlik binasını  mühafizə edən  İran polisi  cinayətkar əlində silahla  səfirliyə daxil olan zaman onu  zərərsizləşdirmək üçün heç bir addım atmır. Məhz bu kimi səbəblərdən ölkə ictimaiyyətində İrana qarşı haqlı  və əsaslı  şübhələr yaranıb. Bundan sonrakı münasibətlərin hansı məcraya yönələcəyi qanlı terror aktının necə araşdırılacağı və ortaya çıxarılan nəticədən asılı olacaq”. 

Millət vəkilinin sözlərinə görə, nəticədən asılı olaraq İranın Azərbaycandakı səfirliyi ilə bağlı məsələyə də baxmalıyıq. İranın Azərbaycandakı səfirliyinin səviyyəsi azaldılmalıdır.