Bu ölkə də Azərbaycanın mövcud resurslarından yararlanmağa çalışır
“Azərbaycan-Macarıstan iqtisadi əlaqələrində ölkə Prezidentinin Macarıstan səfəri ilə yeni dövr başlayır”. Bunu “Şərq”ə açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
Macarıstanın Rusiya-Ukrayna müharibəsi səbəbindən ən çox sıxıntı yaşayan ölkələrdən biri olduğunu vurğulayan ekspert deyib ki, onun yeddi ölkə ilə sərhəddi olsa da, heç bir dəniz sərhədi olmadığı üçün limanı da yoxdur:
“Ona görə də ölkənin enerji təhlükəsizliyi yalnız boru kəmərlərinin ümidinə qalıb. Bu boru kəmərlərinin mütləq əksəriyyəti isə Rusiyadan gələn kəmərlərdir. Buna görə də Avropanın Rusiyaya sanksiyalarına əngəl olmağa çalışan əsas ölkə məhz Macarıstandır.
Macarıstanın Azərbaycana yatırdığı investisiyanın Azərbaycanın ora yatırdığı investisiyadan 55 dəfə çox olması (1.1 milyard dollar və 18 milyon dollar), Ələt Azad İqtisadi Zonası ilə Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumunun imzalanması, Macarıstan aviaşirkətinin Bakıdan birbaşa Budapeştə aviauçuşlar həyata keçirməsi və digər çoxsaylı məqamlar ölkələr arasında iqtisadi münasibətlərin heç də pis olmadığını deməyə əsas verir.
Amma ölkələr arasında iqtisadi münasibətlərin birinci göstəricisi olan ticarət dövriyyəsidir ki, bu dövriyyə real potensialdan çox aşağıdır. Baxmayaraq ki, 2022-ci ildəki dövriyyə 2021-ci illə (35 mln. dollar) müqayisədə 35 faizədək artaraq, 47,4 milyon dollara gəlib çatıb, amma bu, mövcud potensialdan qat-qat aşağıdır.
Potensialın ən böyük hissəsi isə enerji təchizatı üzrədir”.
E.Əmirovun sözlərinə görə, Macarıstan ixrac və idxala görə sıralamada ən balanslı mövqeyə malik ölkədir: “İxrac üzrə dünyanın 35-ci ən böyük ixracatçısı, idxal üzrə isə 34-cü ən böyük idxalatçısıdır, amma yenə də bu müharibə onun üçün ciddi problemlər yaradır. Onun bu probleminin həllində hazırda ən çox yararlı olan ölkələrdən biri Azərbaycandır.
Çünki Avropaya çatmış TAP qazının Yunanıstanın qonşu ölkələrinə daxili konnektorlar vasitəsilə çatdırılması məsələsində Macarıstan da ciddi istəklidir. Hazırda Yunanıstan-Bolqarıstan arasında olan konnektor 3,5 milyard m3 qaz ötürə bilsə də, onun 5,0 milyard kubmetrdək artırılması imkanı var ki, bu, digər ölkələrdən keçərək Macarıstanın da qaz təchizatını artırmağa imkan verəcəkdir.
Macarıstan həm də ötən ilin sonu Azərbaycan, Rumıniya və Gürcüstanın iştirakı ilə dördtərəfli saziş imzalayıb. Anlaşmaya görə, Azərbaycanda alternativ enerji mənbələri hesabına istehsal olunmuş elektrik enerjisi Qara dənizin dibi ilə kabel vasitəsilə Avropya nəql ediləcəkdir.
Bu layihənin uğurlu təchizatı üçün Azərbaycanda mövcud resurslar içərisində ən böyük rolu Xəzər dənizinin 157 Gvt-lıq külək enerjisi potensialı oynayacaqdır. Düşünürəm ki, hazırkı tətbiqlər hesabına 157 Gvt proqnoz edilsə də, illər sonra xüsusi üzən qurğular və tam yeni texno tətbiqlər nəticəsində bu potensialın çox olması istisna edilə bilməz”.