Baş yazardan REAKSİYA: “Xain əllər və dillər kəsilir”


“Təəssüf, Azərbaycanda da İranın kütləvi təbliğatını aparan şəxslər, xüsusilə media nümayəndələri, ictimai-siyasi proseslərə "töhfə" verənlər  mövcuddur”

“Hüquq-mühafizə orqanları hərəkətə keçməlidir”

“Azərbaycanın mediası, QHT sektoru, həmçinin ictimai rəy onların arxasındadır, dəstəkləyir"

Azərbaycanın cənub qonşusu olan İranla zaman-zaman konfliktlər yaşanır. Bir çox hallarda İranın ölkəmizə qarşı təxribatları, bu dövlətin maliyyələşdirdiyi və xüsusi xidmət orqanları tərəfindən idarə olunan şəxslərin həyata keçirdiyi müxtəlif qanunsuz addımların şahidi oluruq.
Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu oldu. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirdi.
Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanıldı. Lakin İranın təbliğat maşını bir neçə gündür, terror aktını ən müxtəlif formalarda, çoxsaylı manipulyasiyalarla məişət hadisəsi kimi təqdim etməyə çalışır. Təəssüf ki, peşəkar media orqanlarının təbliğat-təxribat kontentlərinə istinad etdiyin görürük.
Elə bu gün Daxili İşlər Nazirliyinin əməkdaşları Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirib. "APA"nın yaydığı məlumata görə, İran siyasətinin təbliğatı ilə məşğul olan "SalamNews” və “İnteraz”  informasiya vasitələri daha çox rəsmi Tehranın maraqlarından çıxış edib. Xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A.T.Kərimov, E.A.Rəhimov, İ.Ə.Ələkbərov, M.N.Cəfərov, H.H.Cabbarlı, F.S.Əbdülov və A.Ə.Cümşüdov şübhəli şəxs qismində tutulublar.

Baş verənlərlə bağlı "Sherg.az"la fikirlərini bölüşən “Türküstan” qəzetinin baş redaktoru Aqil Camalın qənaətincə,İran Azərbaycanda özünə yumşaq güc formalaşdırıb:

"Uzun illərdir ki, yumşaq gücün ölkənin ictimai-siyasi həyatına təsiri ilə əlaqəli reaksiyalar görünməkdədir. İranın terrorçu qüvvələrinin Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücumdan sonra həmin dəsti-xətt daha çox nəzərə çarpır. Bir tərəfdə Azərbaycanın Tehran səfirliyində baş verən qanlı hadisəni ölkə Prezidenti başda olmaqla dövlət qurumları "terror aktı" adlandırır. Dünyanın əksər dövləti də bunu terror hadisəsi kimi qiymətləndirir. Digər tərəfdə isə terror hadisəni ailə-məişət səviyyəsinə endirməyə çalışan İranın dövlət qurumları, Prokurorluğu, Xarici İşlər Nazirliyi  və gedişatı əsaslandırmağa səy göstərən İran mediası dayanır".

A.Camal söyləyib ki, Azərbaycan mediası, ictimai sektoru ilə yanaşı hüquq mühafizə orqanları ayıq-sayıq olmalıdır:

"Əli avtomat silahla səfirliyə daxil olur, qarşısına çıxanı gülləyir. Terror törədilən gün İranın dövlət televiziyası ondan müsahibə alır. Özünə haqq qazandırmasına imkan yaradırlar. Terrorçunun söylədiyi fikirləri əsas götürərək təbliğat aparırlar. Təəssüf, Azərbaycanda da İranın kütləvi təbliğatını aparan şəxslər, xüsusilə media nümayəndələri, ictimai-siyasi proseslərə "töhfə" verənlər  mövcuddur. Xain əllər və dillərin vaxtında kəsilməsi üçün hüquq-mühafizə orqanları hərəkətə keçməlidir. Azərbaycanın mediası, QHT (Qeyri Hökumət Təşkilatları) sektoru, həmçinin ictimai rəy onların arxasındadır, dəstəkləyir".