Zeynal Məmmədli: "Səhiyyə, idman və başqa sahələrdən yazanlar olduğu kimi, elmdən yazan jurnalistlər də ixtisaslaşmalıdır"
“Universitetlərdə elmi jurnalistika ixtisasının yaradılmasına ehtiyac var”.
Bunu akademik Akif Əlizadə AMEA-nın Rəyasət heyətinin iclasında çıxışı zamanı bildirib. O qeyd edib ki, tədrisdə jurnalistika istiqaməti canlanmalıdır.
“Ölkəmizdə demək olar ki, elmi jurnalistika anlayışına sahib çox az insan var. Universitetlərdə elmi jurnalistika ixtisasının yaradılmasına ehtiyac var”.
Qeyd edək ki, Elmi jurnalistika — elm və texnologiyada baş verən yenilikləri, sosial həyatla bağlı hər növ prosesin elmi izahını asan üslubda ictimaiyyətə çatdırmağa xidmət edən fəaliyyət sahəsidir. Jurnalist ictimai əhəmiyyətli mövzunu elmdə araşdırır və oxucuya təqdim edir. Bu mənada elmi-publisistik məqalə və sənədli filmlər elmi jurnalistika materiallarıdır. Elmi jurnalistikanın funksiyası yalnız elmi geniş kütləyə çatdırmaq deyil, həmçinin alimlərin oxucularla əlaqəsini yaratmaq, o cümlədən elm adamlarını müxtəlif ölkələrdəki həmkarları ilə yaxınlaşdırmaqdır. Ona görə də jurnalistikanın bu sahəsi alim, müxbir və oxucudan ibarət nöqtələri birləşdirən üçbucaq çərçivədə təşkil olunur. Elmi jurnalistika materialları məhz bu əhatədə hazırlanır.
Media eksperti, professor Zeynal Məmmədli də "Şərq”ə açıqlamasında elmi jurnalistika sahəsinin çox lazımlı olduğunu deyib. Onun sözlərinə görə, elmi jurnalistika elm və texnologiyada baş verən yenilikləri, sosial həyatımızla bağlı hər növ prosesin elmi izahını asan üslubda ictimaiyyətə çatdırmağa xidmət edən fəaliyyət sahəsidir:
“Elmi jurnalistika xüsusi sahə deyil. Bu, ixtisaslaşma tələb edir. Bunun üçün ayrıca fakültəyə ehtiyac yoxdu. Jurnalistikanın işıqlandırdığı məsələlərdən biri də elmi problemlərdir. Səhiyyə, idman və başqa sahələrdən yazanlar olduğu kimi, elmdən yazan jurnalistlər də ixtisaslaşmalıdır.
Xarici ölkələrdə elmi jurnalistika müxtəlif sahələrdən mediaya gələn insanlar vasitəsilə formalaşıb, inkişaf edib. Bir peşənin ən yaxşı bilicisi həmin sahə üzrə təhsil almış, müəyyən müddət məşğul olmuş şəxs ola bilər. Elmi yazılar cəmiyyət üçün maraq kəsb etməlidir, insanlar ondan nəsə öyrənməlidir. Bizdə hələ ki belə bir mühit formalaşmayıb. Bu məsələyə heç vaxt diqqət yetirilməyib. Əslində bu sahə birmənalı olaraq jurnalistlərin missiyası deyil. Elmi populyarlaşdırmaq üçün alim elmi məqalələr yazmaqda, dərgilər, jurnallar nəşr etməkdə maraqlı olmalıdır. Daha doğrusu, bu sahədə alimlərlə ixtisaslaşmış jurnalistlərin işbirliyi çox vacibdir. Dövlət qurumları isə bu şəxslərə dəstək verməlidir.
Bizdə ümumiyyətlə ixtisaslaşma problemi var. Sadəcə elmi deyil, jurnalistikanın digər sahələrində də ixtisaslı kadrlar çox azdır. İqtisadiyyatdan, hərbdən, insan hüquqlarından, konfliktlərdən yazan jurnalistləri hansı universitet hazırlayır? Bu sahədə peşəkarlaşan insanların ixtisaslaşması məhz öz bacarıqlarıdır. Həm də sadəcə müəyyən təlimlərdə, beynəlxalq layihələrdə iştirak etməklə”.
A.Əlizadənin dediklərində çox böyük həqiqət payı olduğunu vurğulayan Z.Məmmədli deyib ki, ölkəmiz üçün aktual mövzudur. Amma indiki halda reallaşması sual doğurur. Bu sahənin inkişafı üçün hansı ölkənin təcrübəsi əsas götürüləcək. Cəmiyyətdə tələbat olacaqmı!? Ölkədə print medianın, jurnalların belə durumu ürəkaçan deyil.