“Gəncədə istehsal olunan şərabı Fransaya aparmışdım. 1 aydan sonra bildiriş gəldi, şərab qızıl medala layiq görülüb”
“Fransanın cənubunda, kənd təsərrüfatı zonasında zavodun zirzəmisinə enmişdik. Şərab və konyaklar 2 metr hündürlükdə palıd çəlləklərdə, xüsusi temperaturda, işıqda saxlanılırdı”
Saxta spirtli içkilərdən gələn təhlükə həmişə müzakirə mövzusu olub.
Ölümə aparan "ləzzət"lərə prestijli restoranlarda, şadlıq evlərində, marketlərdə də rast gəlinir. Ən bahalı içki belə saxta ola bilər. Doğrudur, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mütəmadi monitorinqlər keçirir. Saxta spirtli içkiləri müəyyənləşdirir. Yenə "saxta içki aşkarlandı" başlıqlı xəbərlər manşetləri bəzəyir.
Bu dəfə Agentliyin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi, 33 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rzayev Daşqın Sabir oğluna məxsus “025” marketdə yoxlama aparıb. Nəticədə saxtalaşdırma əlamətləri olan, qida təhlükəsizliyi sertifikatı və üzərində Azərbaycan dilində etiket məlumatları olmayan ümumilikdə 16 ədəd (2 ədəd 1 litrlik “Chivas Regal” əmtəə nişanlı viski, 2 ədəd 0.5 litrlik və 1 ədəd 1 litrlik “Absolut” əmtəə nişanlı vodka, 11 ədəd 0.5 litrlik “Organik Line” əmtəə nişanlı) spirtli içki aşkarlanıb. Hətta içkilərin bir qismində qablaşdırılmada istifadə olunan folqanın və aksiz markanın kustar üsulla sonradan yapışdırılıb. Qaimə və qida təhlükəsizliyinə dair rəsmi sənədlər isə mövcud olmayıb. Müayinələrin aparılması məqsədi ilə sözügedən məhsullardan nümunələr götürülüb. Aşkar olunmuş alkoqollu içkilərin satışı dayandırılıb və möhürlənərək dövriyyədən çıxarılıb.
Qeyd edək ki ,2022-ci ilin noyabr ayı ərzində həyata keçirilən yoxlamalar zamanı 8 ticarət obyekti və 3 ictimai iaşə müəssisəsində, ümumilikdə, 406 ədəd saxta alkoqollu içki müəyyənləşib.
Həmin məhsulların satışı ilə bağlı "Sherg.az"a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun qənaətincə, illərdir ki, ölkədə saxta içkilərin mövcudluğu barədə informasiyalar yayılır:
"Sözügedən sahədə ən parlaq işi Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi görüb. Onlar mütəmadi saxta məhsulları ifşa edirlər, həbslər həyata keçirirlər. Qanunauyğun olaraq daha radikal yollar seçirlər. Lakin digər dövlət orqanları sadəcə cərimələyirlar, sonra buraxırlar. Hazırda saxta içkilərin mövcudluğunun məsuliyyəti AQTA-nın üzərinə düşür. AQTA ictimaiyyətlə effektli işləyə bilsə, məsələyə son qoyular.
Agentliyin çatışmayan cəhəti mediada tirajlanan materialları təqib etməməsidir. İctimai Şuranın iclasında dəfələrlə bu məsələni qaldırmışam. Hətta AQTA-nın sədr müavini Rəşad Mafusova söyləmişəm ki, axşam televiziyada filan material yayımlanıb. Siz süjetin harda çəkildiyini öyrənmək istəmisiz? TV-yə materiala görə təşəkkür etmisiz? Cavab verir ki, təşəkkür etmədiyimizi hardan bilirsiz?! Sonra heç nə etmədikləri ortaya çıxır. Kütləvi İnformasiya Vasitələri, ictimaiyyət və dövlət nəzarət orqanları sinxron işləməlidilər. Əks halda eyni durum təkrarlanacaq".
E.Hüseynovun sözlərinə görə, əhali spirtli içkilərin yararlılıq müddətindən xəbərsizdir:
"Araqların saxlanma müddəti 1 ildən, konyaklar 3 ildən, şərablar 6 aydan artıq deyil. Təəssüf, Azərbaycanda spirtli içkilərin 95 faizinin üzərində buraxılma tarixi yazılsa da, son yararlılıq müddəti yazılmır. Ölkədə yaxşı spirtli içkilər də istehsal olunur. Gəncədə istehsal olunan şərabı Fransaya aparmışdım.
1 aydan sonra bildiriş gəldi, şərab qızıl medala layiq görülüb. Düzü, zavoda məlumat vermədim. Fransanın cənubunda, kənd təsərrüfatı zonasında zavodun zirzəmisinə enmişdik. Şərab və konyaklar 2 metr hündürlükdə palıd çəlləklərdə, xüsusi temperaturda, işıqda saxlanılırdı. Bizə "Danışmayın, şərab ayılar" demişdilər.
Saxta içkilərin üzərində bəzən aksiz markası olmur, yaxud saxtadır. Aksiz markanın gümüşü zolağı var. Çətinliklə görünən Azərbaycanın gerbi yerləşdirilib. Əhali buna fikir versin. Bütün hallarda istehlakçıları 1003 qaynar xəttinə, AQTA-ya məlumat verməyə çağırıram".