Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu macarıstanlı həmkarı Peter Siyarto ilə Budapeştdə baş tutan görüşdən sonra birgə mətbuat konfransı keçirib.
O bildirib ki, İsveç və Finlandiyanın təhlükəsizlik narahatlığı başadüşüləndir, amma Türkiyənin təhlükəsizlik qayğılarının qarşılanmaması qəbuledilməzdir:
"Təəssüf ki, terror təşkilatları FETÖ, PKK, PYD bu ölkələrdə, xüsusən də İsveçdə sıx fəaliyyət göstərirlər. Onlar təkcə mövcud deyillər, həm də çox fəaliyyət göstərirlər. Bu, əslində, pul toplama, terrorun maliyyələşdirilməsini əhatə edir. Eyni zamanda, adam toplayırlar, oradan da İraqda Qəndil dağına və Suriyaya adam toplayırlar, təbliğat davam edir.
“İsveç gələcəkdə öz öhdəliklərini yerinə yetirərsə, baxarıq. Amma hazırda bu şərtlər daxilində İsveçin NATO üzvlüyünə “hə” demək mümkün deyil".
Qeyd edək ki, yanvarın 21-də Türkiyənin İsveçdəki səfirliyinin qarşısında Quran kitabı yandırıldı. Türkiyəli diplomat İsveç hakimiyyətinin Stokholmdakı Türkiyənin səfirliyi qarşısında Quranı yandırmaq üçün icazə verdiyi aksiyanı “alçaq və irqçi” adlandırdı.
Baş verənlər barədə "Sherg.az"a danışan politoloq Elçin Xalidbəylinin qənaətincə, Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsi ilə bağlı mövqeyini dəyişməyə başlayıb. Çünki İsveç Türkiyə qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir. Üstəlik, rəsmi Stokholm Madrid anlaşmasını kobud şəkildə pozmaqda davam edir:
"İsveçdə Türkiyə səfirliyi qarşısında törədilən təxribatlar rəsmi Ankaranı ciddi şəkildə qəzəbləndirib. Ona görə də, rəsmi Ankara İsveçin NATO üzvlüyü hələlik o qədər də inandırıcı görünmür. Hazırda Türkiyə İsveçin bir kənarda saxlanılıb, Finlandiyanın NATO-ya təkbaşına qəbul olunması variantını ön plana çıxartmağa başlayıb. Rəsmi Ankaranın Finlandiyaya elə bir ciddi iradı yoxdur və bu səbəbdən məsələnin qısa müddətdə həll edilə biləcəyini vurğulayır.
İsveç Türkiyə qarşısında öhdəlikləri yerinə yetirmədən NATO-ya üzvlük variantının baş tuta biləcəyinə ümid bəsləyir. Beynəlxalq terrorizmi açıq şəkildə dəstəkləyən bu ölkənin siyasi dairələri hesab edirlər ki, Türkiyədə keçiriləcək seçkilərdə Ərdoğan hakimiyyəti məğlub olarsa, İsveç NATO-ya üzv olmaq problemini öhdəlikləri yerinə yetirmədən də həll edə bilər. Halbuki bu, ən yaxşı halda, ehtimallara bağlı ümidlərdən başqa bir şey deyil. Çünki Ərdoğan hakimiyyətinin seçkilərdə qalib gəlmə şansları hazırda yüksək görünür".
Siyasi şərhçinin fikrincə, bütün bunların İsveç tərəfindən planlı şəkildə reallaşdırılan təxribatlar olduğu da qətiyyən istisna deyil:
"Bəzi iddialara əsasən, İsveçdə ölkənin NATO-ya üzvlüyünə qarşı çıxan və əngəl törətməyə çalışan daxili qüvvələr də var. Həmin daxili qüvvələrin sırasında İsveç xüsusi xidmət servisləri olduğu da bildirilir. İddialara görə, İsveçin NATO üzvlüyünə qarşı çıxanlar hesab edirlər ki, ölkəyə real hərbi təhlükə yoxdur. NATO-nun "təhlükəsizlik çətiri" altına girib, bu hərbi-siyasi alyansa külli miqdarda üzvlük haqqı ödəmək yolverilməzdir.
Daha bir versiya isə İsveçdə Türkiyəyə qarşı təxribatların törədilməsində Rusiya kəşfiyyatının da birbaşa iştirakıdır. Hesab olunur ki, Kreml İsveçin NATO üzvlüyünə əngəl törətmək üçün beynəlxalq terrorizmlə əlaqələrindən istifadə edir. Eyni zamanda, İsveçdə müsəlmanların təhqir olunması ilə Rusiya İslam ölkələri ilə Qərb dövlətlərini toqquşdurmağa çalışır. Çünki dünyada sivilizasiyalar arasında kəskin qarşıdurma yaranarsa, Rusiya Ukrayna savaşında üzləşdiyi situasiyanı öz xeyrinə dəyişə bilər. Bu halda, ərazisində milyonlarla müsəlmanın yaşadığı Rusiya özünü İslam dünyasına yaxın ölkə elan etməklə daha geniş dəstək qazana biləcəyinə ümid bəsləyir.
Göründüyü kimi, İsveçin NATO üzvlüyü kifayət qədər qəliz problemə çevrilməyə başlayıb. Əgər, rəsmi Stokholm Türkiyə qarşısında öhdəlikləri yerinə yetirməsə, İsveç hələ uzun müddət NATO-nun giriş qapısında gözləməli olacaq".