Ukraynanın Saakaşvili tələbi:«Gürcü xalqı bu təhqirə dözməməlidir»

Ukrayna Ali Radası Mixail Saakaşvilinin xaricə müalicə üçün təcili göndərilməsinin zəruriliyinə dair Gürcüstan, Avropa Parlamenti, Aİ Şuras, Avropa Komissiyası, AŞPA və Avropa İttifaqına üzv ölkələrin parlamentlərinə müraciətləmə layihəsini dəstəkləyib.
Qərara 311 deputat müsbət səs verib.
Millət vəkilləri Gürcüstan hökumətindən Saakaşviliyə lazımi tibbi yardım göstərməyi və lazımi müalicə üçün onun xaricə aparılmasına icazə verməyi xahiş ediblər.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski dünya ictimaiyyətini Saakaşvilinin həyatını xilas etməyə və onun edamının qarşısını almağa kömək etməyə çağırıb. Eyni zamanda, Ukrayna artıq rəsmi olaraq Gürcüstandan onun müalicəyə göndərilməsini xahiş edib.

Ukraynanın tələbi ilə bağlı "Sherg.az"a danışan əslən Borçalıdan olan  “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli bildirib ki, Saakaşvili islahatçı demokratdır:

"O hakimiyyəti dönəmində Avropa Birliyi və  NATO-ya inteqrasiya xəttini tutub. Mafiyanın və rüşvətin kokünü kəsib. Rusiya imperializminin əleyhinədir. Ona görə də zindandadır. Saakaşvilini zindanda saxlayan hüquqdan daha çox sadaladığım amillərdir. Ukraynanın təşəbbüsləri ləyaqət məsələsidir. 

Onu həbs edənlərdə isə həmin keyfiyyət qıtdır. Ən böyük məsuliyyət Gürcüstan cəmiyyətinin üzərinə düşür. Gürcü xalqı bu təhqirə dözməməlidir. Beynəlxalq ictimaiyyət və gürcü xalqı vahid güc faktoruna çeviləcəyi təqdirdə Saakaşvili haqq etdiyi azadlığa qovuşar, Zəlimxan Məmmədlinin də Gürcüstana yolu açılar".

Qeyd:“Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin 2014-cü ilin oktyabr ayından Gürcüstana gedişinə qadağa qoyulub.