Əhəd Məmmədli:“Rusiya Dövlət Dumasının sədri Vyaşeslav Volodinin "Qərbə yaxınlaşsalar, öz ölkələrini itirə bilərlər" çıxışı da Ermənistana ünvanlanmış mesaj idi”
“Ümumiyyətlə baş verənlər Moskva ilə İrəvan arasındakı münasibətlərin kəskinləşdiyini göstərir"
KTMT-nin Ermənistanda keçirilməsi planlaşdırılan “Sarsılmaz qardaşlıq” sülhməramlı təlimləri Qırğızıstanda keçiriləcək,
Bu barədə təşkilatın birləşmiş qərargahından bildirilib.
Qeyd edək ki, KTMT-nin “Sarsılmaz qardaşlıq - 2023” təlimi Ermənistanda keçirilməli idi. Lakin yanvarın əvvəlində baş nazir Nikol Paşinyan İrəvanın bu təlimləri keçirməyəcəyini açıqladı.Ötən il isə bu təlimlər Qırğızıstanda keçirilməli idi. Lakin əvvəlcə onun keçirilmə tarixi təxirə salındı, sonra isə manevrlər tamamilə ləğv edildi.
Xatırladaq ki, Sarsılmaz qardaşlıq” təlimləri sonuncu dəfə 2020-ci ildə Belarusun Vitebsk vilayətindəki Losvido poliqonunda keçirilib.
Məsələyə münasibət bildirən Ağ partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli “Sherg.az”a vurğulayıb ki, rəsmi İrəvanın təlimlərdən imtina etməsi Rusiya-Ermənistan münasibətlərini gərginləşdirib:
"Sentyabr əks-hücumlarından sonra Ermənistan tərəfi KTMT-ni heç bir addım atmamaq da ittiham etdi. Hətta erməni cəmiyyətində də buna qarşı etiraz ədası yaranmışdı. Paşinyan isə hakimiyyətə gəldiyi gündən Ermənistanı Qərbə tərəf aparmaq istəyir. Ancaq bu ölkə tamamilə Rusiyadan asılı vəziyyətdədir. Yəni Ermənistan iqtisadiyyatı “Qazprom”un əlindədir. Digər tərəfdən Paşinyan eyni anda iki masada oturmaq istəyir. Həm Rusiyadan, həm də Qərbdən dəstək almağa çalışır. Bu isə mümkün deyil".
Analitik qeyd edib ki, Ermənistanda rus antiritorikası get-gedə artır:
"Nəticədə də Ermənistan tərəfi KTMT-nin hərbi təlimlərinin İrəvanda keçirilməsindən imtina etdi. Bundan sonra isə təlimlərin məkanı Bişkeklə dəyişdirildi. Bu isə rus-erməni münasibətlərindəki etinasızlığı daha da dərinləşdirəcək. Rusiya Dövlət Dumasının sədri Vyaşeslav Volodinin "Qərbə yaxınlaşsalar, öz ölkələrini itirə bilərlər" çıxışı da Ermənistana ünvanlanmış mesaj idi. Ümumiyyətlə baş verənlər Moskva ilə İrəvan arasındakı münasibətlərin kəskinləşdiyini göstərir".