Mirzoyanın Türkiyə səfəri! – Yekun sülhə qapılar açılır? – ŞƏRH


“Biz rəsmi İrəvanla münasibətləri yumşaldaraq Rusiyanın və erməni müxalifətinin bölgədə müharibə ocağını aktiv saxlamaq planını puç etməliyik”

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Ankarada görüşü keçirilib. Rəsmi görüşdə türkiyəli nazir bir sıra açıqlamalar verib. Çavuşoğlu ilə Mirzoyan İrəvan və Bakı arasında sülh danışıqlarının hazırkı durumu barədə müzakirələr edib. “Həmkarım mənə sülh razılaşması ilə bağlı gedişat barədə son informasiyanı çatdırdı. Əgər biz 3 ölkə qəti addımlar atsaq, bu Cənubi Qafqazda sülh və çiçəklənmə yolunda böyük rol oynayacaq. Hazırda Ermənistanla Türkiyə arasında yollar və körpülər açılışa hazırlanır, təmir və bərpa olunur” – deyə türkiyəli nazir bildirib.

Görüşün kodlarını "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Turab Rzayev qeyd edib ki, Ermənistan xarici işlər nazirinin Türkiyəyə səfəri münasibətlərin yumşaldılması üçün istifadə ediləcək:

"Münasibətlərin yaxşılaşmasını düzgün hesab edirəm. Hətta bununla bağlı açıqlama da vermişdim ki, Azərbaycan və Türkiyə Ermənistanla bütün kommunikasiya xətlərini açmalıdır. Çünki biz qalib və sülh istəyən tərəfik. Biz Ermənistanla əlaqələri bərpa etməklə Paşinyana qarşı olan və müharibə istəyən “Qarabağ klanı”nın hakimiyyətə gəlməsinə qarşı çıxmalıyıq. Yəni bizə Vardanyan planının həyata keçməsi və Koçaryan kimilərin  hakimiyyəti gəlməsi lazım deyil. 

Biz rəsmi İrəvanla münasibətləri yumşaldaraq Rusiyanın və erməni müxalifətinin bölgədə müharibə ocağını aktiv saxlamaq planını puç etməliyik. Digər tərəfdən erməni diasporu həm Azərbaycan, həm də türk düşmənliyindən erməni cəmiyyətini konsolidasiya etməyə çalışır. Biz bu fürsəti onların əlindən almalıyıq".

Analitikin sözlərinə görə Türkiyə və Azərbaycan birlikdə hərəkət edir:

"Əgər rəsmi İrəvan gələcəkdə öhdəliklərini yerinə yetirməkdən imtina etsə və Qarabağ məsələsində problem yaratsa, biz yenidən ipləri bərkidə bilərik. Həmçinin artıq Ermənistanla heç bir problemimiz yoxdur. Biz sadəcə sərhədləri demarkasiya etməli, sülh bağlamalı və biri-birimizn ərazi bütövlüyünü tanımalıyıq.  Əgər yeganə problem Qarabağın statusu məsələsidir isə, orda aktiv şəkildə Paşinyan hakimiyyəti heç bir iddia mexanizmi mövcud deyil. 

Bu iddialar “Qarabağ klanı”nın əlindədir və birbaşa Rusiyaya bağlıdır. Yəni Rusiyaya bağlı bir məsələyə görə biz Ermənistan hakimiyyəti ilə münaqişəni uzatmamalıyıq. Çünki rəsmi Moskva prosesin uzanmasını istəyir”.