Jirinovskinin oğlunu cəzalandırırlar? - AKTUAL

“Yəni ola bilsin ki, həbs ona siyasi fəaliyyəti ilə bağlı verilən bir mesajdır"


Vladimir Jirinovskinin nikahdankənar oğlu Oleq Eydelşteyn Moskvada polisə hücum edib.
Qeyd olunur ki, hadisə Rusiya paytaxtındakı restoranlardan birində baş verib.
Belə ki, 36 yaşlı Oleq Eydelşteyn ictimai yerdə söyüş söyüb, qışqırıb, ətrafdakı insanların rahatlığını pozub. Polis izahat alınmaq üçün onu idarəyə aparıb. Burada isə Oleq Edelşteyn polis inspektorunun döş qəfəsinə zərbələr endirib. Nəticədə Oleq Eydelşteyn Moskvanın Tverskoy Məhkəməsi tərəfindən 15 sutkalıq inzibati həbslə cəzalandırılıb.

Hadisəni  "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Turab Rzayev vurğulayıb ki, burada iki məsələ var:

"Birincisi, bu adi bir məişət hadisəsi də ola bilər. Belə ki, Rusiya cəmiyyətində vəzifəli şəxslərin həddin artıq spirtli içki qəbul edərək dava-dalaş eləməsi alışdığımız haldır. Hətta Rusiya prezidentlərindən Boris Yeltsin rəsmi səfərlərdə içkili olub və ayaq üstə güclə dayanıb.  Hətta Jirnovskinin özü belə rəngli bir şəxsdir. O buzlu suya girməsi ilə tanınıb. Ola bilsin, bu da adi bir məişət hadisəsidir və səs-küy yaratdığı üçün polisə dəvət edilib".
Analitikin sözlərinə görə, hadisə  Jirnovskinin oğlunun siyasi aktivliyindən  asılı olan bir məsələ kimi də qiymətləndirilə bilər:
"Əgər onun belə bir siyasi aktivliyi varsa və atasının xəttini davam etdirirsə,  ola bilər ki, qarşı tərəf ona mesaj verməyə çalışır. Yəni cəzalandırırlar. Çünki biz son dövrlərdə Rusiyanın imperial ambisiyalarını müdafiə edən və sərt xətt tərəfdarları olan şəxslərə  qarşı hücumların şahidi olmuşuq. Xatırlayırsızsa hətta bir müddət əvvəl Aleksandr Duqinə qarşı sui-qəsd olmuşdu, ardından isə qızı ölmüşdü. Yəni ola bilsin ki, həbs ona siyasi fəaliyyəti ilə bağlı verilən bir mesajdır".