“Laçın-Xankəndi yolundakı vəziyyət də əlbəttə ki, müzakirə edildi. Mən bir daha Azərbaycanın mövqeyini bildirdim ki, hər hansı bir blokadadan söhbət gedə bilməz”.
Bunu Prezident İlham Əliyev fevralın 18-də Münxendə televiziya kanallarına müsahibəsində deyib.
“Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin avtomobilləri keçmişdir və əgər blokada var idisə, bu maşınlar necə keçə bilərdi?
Yəni, bu, Azərbaycana qarşı əsassız bir ittihamdır, biz bunu rədd edirik və deyə bilərəm ki, keçirdiyim bütün görüşlərdə bu mövqe anlayışla qarşılanır”, - deyə Azərbaycan Prezidenti bildirib.
Məsələnin mahiyyətinin sadə olduğunu deyən siyasi şərhçi Orxan Amaşov "Sherg.az"a bildirib ki, Azərbaycan dövləti istədiklərinə nail olanadək, Laçın yolundakı aksiyanın davam etməsində maraqlı olacaq:
"Biz Nikol Paşinyanın çıxışlarına diqqət yetirərək, onun hazırkı sülh danışıqlarından heç bir nəzərəçarpacaq söz demədiyinin şahidi oluruq. Ermənistan baş naziri əsasən ikinci dərəcəli məsələlərə diqqət yetirərək, Xankəndi-Laçın yolundakı aksiyanın humanitar böhrana səbəb olduğunu iddia edib. Azərbaycan Prezidenti isə açıq şəkildə bildirdi ki, bu məsələlərlə bağlı müzakirələr olub və rəsmi Bakının mövqeyi həm rəsmi Vaşinqton, həm də Aİ tərəfindən anlaşılır. Yəni artıq bütün beynəlxalq güclər anlayır ki, orada blokada və humanitar böhran yoxdur. Sözügedən yolda sadəcə hərəkətin məhdudlaşdırılması hadisəsi var. Bu məhdudlaşdırma isə 10 Noyabr Bəyannaməsinin müddəalarını pozmur".
Analitikin sözlərinə görə aksiyaya qədər Xankəndi-Laçın yolundan minaların və silahların daşınmasında istifadə edilirdi:
"Bu məlumatlar Azərbaycan tərəfindən həm Brüsselə, həm də rus sülhməramlılarına çatdırılıb. Hətta Ermənistan tərəfi dəfələrlə qeyd edib ki, əgər aksiya dayanmasa və yolun öncəki hərəkət rejimi bərpa edilməsə, danışıqlar olmayacaq, lakin danışıqlar baş tutdu. Ümumiyyətlə, Laçın yolundakı aksiyanın sonuna qədər davam edəcəyini düşünürəm. Çünki qanunsuzluqlara son qoyulmalıdır. Eləcə də bu yolda Azərbaycanın keçid məntəqəsi olmalıdır. Bu prosesin getməsi onu göstərir ki, rəsmi Bakı Ermənistanı təzyiqlə sülh müqaviləsinə doğru yönləndirir. Düzdür, prosesin indiki sürəti qaneedici deyil. Rəsmi İrəvan sülh müqaviləsini mümkün qədər ləngitməyi düşünür. Ona görə ki, erməni tərəfi bu zaman kəsiyində regionda Azərbaycanın mövqeyini zəiflədəcək müəyyən dəyişikliklərin olacağına ümid edir".