Azərbaycanla Ermənistan arasında şərti sərhəd rejimi! – “Bu, hərbi yoxlamalar kimi...”

 “Eyni zamanda, bildirdim ki, yaxşı olar, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar”.
Bu fikirləri Prezident İlham Əliyev fevralın 18-də Münxendə televiziya kanallarına müsahibəsində söyləyib. Ölkə başçısı qeyd edib: 
“Biz bu təklifi vermişik, bu gün rəsmən vermişik. Daha əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdır. Ermənistan tərəfindən hər hansı mövqe səsləndirilmədi”.

Təşəbbüsün perspektivlərini “Sherg.az”a  dəyərləndirən siyasi şərhçi Aqşin Kərimov vurğulayıb ki, Azərbaycan-Ermənistan sərhədində ikitərəfli qaydada nəzarət buraxılış məntəqələrinin yaradılması təklifi prosesin idarə edilməsində müvəqqəti xarakterə maliklik dərəcəsini göstərir: 

“Bunun “açması” odur ki, sərhəd məntəqələri daimi əsaslarla işləyən rejimi müəyyən etmir, sadəcə olaraq yekun sülh müqaviləsinə qədərki dövrdə Qarabağa silah daşınmasının qarşısının alınmasına yönəlik addımdır. Bunu açılması gözlənilən Zəngəzur dəhlizinin iş rejimini müəyyən edə biləcək presedent kimi qiymətləndirmək, məncə, doğru yanaşma deyil. Zəngəzur dəhlizinin rejimi hələ o tikilib qurtardıqdan sonra müəyyən olunacaq”.

Analitikin sözlərinə görə, indi üçün sərhəd rejimi gömrük prinsiplərindən çox sırf  hərbi yoxlamalar kimi gündəmə gəlir: 

“Yəni, həmin rejim tətbiq edilsə, bu, Azərbaycan-Ermənistan şərti sərhədi kontekstində qüvvəyə malik olacaq. Azərbaycanın isə sərhədlərin ölçüsü ilə bağlı tələbləri özünün strateji məqsədlərində maksimal hədəflərə xidmət edir. 

Digər yandan, hələ Ermənistanın Azərbaycanın cari təkliflərinə hansı reaksiya göstərəcəyi də bəlli deyil. 

Böyük ehtimalla Nikol Paşinyan hökuməti müvafiq qərarlar qəbul edəcək, lakin işlək mexanizm üçün bu, həlledici bir meyar olmayacaq”.