“Gürcüstanın platforma kimi seçilməsinin uğurlu olacağını düşünürəm”
“Ancaq bu şərtlə ki, xarici qüvvələr Gürcüstana təzyiq edərək, onun üzərindən öz mövqelərini gücləndirməyə çalışmasınlar”
“Bu təqdirdə "Qafqaz evi" formatında Gürcüstan, Azərbaycan və Ermənistanın birgə sülh danışıqları uğurlu yekun nəticə verə bilər"
"Tbilisi formatı təbii olar, biz də bunu alqışlayırıq. Bu gün Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə mən bunu rəsmən təklif kimi irəli sürmüşəm. Ermənistan tərəfindən cavab gözləyəcəyik".
Bu barədə Prezident İlham Əliyev fevralın 18-də Münxendə televiziya kanallarına müsahibəsində bildirib.
“Bu gün keçiriləcək panel müzakirəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də iştirak edəcək. Tbilisi formatı gündəmə gələ bilərmi?” sualını cavablandıran Prezident İlham Əliyev deyib: “Ola bilər. Çünki, bu, təbii olar. Biz də bunu alqışlayırıq. Mənim Gürcüstana etdiyim səfər zamanı bu məsələ müzakirə olundu. Ermənistan tərəfi buna bir qədər tərəddüdlə yanaşır. Ancaq hesab edirəm ki, bu, ədalətli olardı”.
Məsələyə münasibət bildirən siyasi şərhçi Turab Rzayev “Sherg.az”a söyləyib ki, sülh danışıqlarına nə qədər az kənar təsirlər olsa, o qədər çox uğurlu olma ehtimalı var:
"Biz vasitəçinin Gürcüstan, görüş yerinin isə Tbilisi olmasını dəfələrlə təklif etmişik. Çünki bu təqdirdə Azərbaycan və Ermənistan daha rahat dil tapacaq, nəinki Rusiya və Aİ-nin vasitəçiliyi ilə. Ona görə ki, böyük qüvvələr vasitəçilikləri zamanı maksimum dərəcədə öz maraqlarını müdafiə etməyə çalışırlar. Məsələn, Rusiya Moskva və Soçidə keçirdiyi görüşlərdə xüsusi qeyd edir ki, regiondakı sülhün qorunmasında Kremlin və rus sülhməramlılarının rolu təqdir olunsun. Lakin yekun olaraq bu qüvvələrin sülhə töhfə verdiyini görmürük. Ümumiyyətlə, bütün addımların Rusiyanın bölgədəki təzyiqinin artmasına və sülhməramlı qüvvələrin qalma müddətinin uzadılmasına hesablandığı görünür".
Analitikin sözlərinə görə Qərbdə də oxşar fəaliyyət mövcuddur:
"Məsələn Aİ-nin sülhyaratma missiyası Şarl Mişel tərəfindən uğurlu şəkildə həyata keçirilir. Amma Fransanın prosesə müdaxiləsi, Makronun Ermənistan Azərbaycan sərhəddində baza və Xankəndində xüsusi nümayəndəlik açmaq istəməsi Brüssel danışıqlarını "baltaladı". Yəni Brüssel danışıqları sırf Ermənistanın israrla görüşlərdə Fransa prezidentinin iştirak etməsini tələb etdiyi üçün dayandırıldı. Bakının Makronun iştirakını istəməməsi, Fransanın öz imperialist ambisiyalarını həyata keçirməsindən irəli gəlir. Ona görə də Gürcüstanın platforma kimi seçilməsinin uğurlu olacağını düşünürəm. Ancaq bu şərtlə ki, xarici qüvvələr Gürcüstana təzyiq edərək, onun üzərindən öz mövqelərini gücləndirməyə çalışmasınlar. Bu təqdirdə "Qafqaz evi" formatında Gürcüstan, Azərbaycan və Ermənistanın birgə sülh danışıqları uğurlu yekun nəticə verə bilər".